Advertisement

Azərbaycanın bölgədə yaratdığı reallıqlar öz bəhrəsini verməkdədir – ŞƏRH

Bakı. Trend:

“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm
ki, bu, lazımınca nəzərdən keçirilməlidir”.

Prezident İlham Əliyev “Sülh və qlobal təhlükəsizlik naminə
dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun
açılış mərasimində çıxışında ifadə etdiyi bu sözlər, həm son 32
illik zaman kəsiyinin, həm də bu günümüzün mənzərəsini ifadə edən,
çeşidli siyasi gedişlərlə, riyakar açıqlamalarla pərdələnməsinə,
unutdurulmasına cəhd göstərilən bütün reallıqlarını lakonik və
tutarlı şəkildə ifadə edir.

Bu gün siyasi əxlaq kriteriyalarını, ədalət prinsiplərini, sivil
dünyanın bütün hüquqi-mənəvi dəyərlərini ayaqları altında “süni buz
meydançası”na çevirib üzərimizə “haray” çəkib yürüməyə çalışanlar,
sadəcə, el arasında deyildiyi kimi “qabaqdangəlmişlik” edirlər.
Onlar çox yaxşı başa düşürlər ki, Azərbaycanın ərazi bütövlüyünün,
həm də sülhün təmin olunmasında, ölkəmizin suverenliyinin,
sərhədlərinin toxunulmazlığının bərpa olunmasında, BMT
Təhlükəsizlik Şurasının qətnamələrinin və digər beynəlxalq
sənədlərin tələblərinin yerinə yetirilməsində heç bir xidmətləri
yoxdur. Bu səbəbdən də “unudurlar” yox, “çox yaxşı bilirlər”
yazdım. Bəli, kim olduqlarını və uzun illər boyu işğala legitimlik
qazandırmaq, Azərbaycanı təslimşi və rüsvayçı sülhə, torpaq
itkisinə məcbur etmək üçün nə oyunlardan çıxdıqlarını çox yaxşı
bilirlər. Bu gün ən müxtəlif vasitələrlə, Qərb siyasətinin
riyakarlıq və ədalətsizlik üfunəti qoxuyan platformaları üzərindən
qazılan çirkab lağımlarının klassik fəhlələrinin niyyəti yalnız və
yalnız arqumentləşdirilməsi, əsaslandırılması mümkün olmayan iyrənc
əməllərinin qarşılığında, ən müxtəlif bəhanələrlə bizi borclu
çıxartmaqdan ibarətdir.

Bizə ərazi bütövlüyümüzü “qızıl məcməyidə” təqdim etməyiblər,
canımız, qanımız bahasına almışıq.
Bu baxımdan, Konstitusiya və digər hüquqi-normativ aktlar
müstəvisindən hələ də Azərbaycana qarşı ərazi iddiaları çıxış edən,
reallıqlarla, başqa alternativləri olmadığı üçün barışmaq
məcburiyyətində qalan məğlub, kapitulyant Ermənistanı himayə edən,
“əlini gücləndirmək” istəyənlər birdəfəlik anlamalıdırlar ki,
onlara 30 ilə yaxın bir zaman kəsiyində, nəinki heç bir töhfə
vermədikləri, əksinə ədalətli sonluğa varmasına süni əngəllər
yaratdıqları bir prosesdə yer yoxdur və olması da mümkün deyil.

İndi artıq, Azərbaycanın bölgədə yaratdığı, beynəlxalq hüququn
norma və prinsiplərinə, humanizmə, ədalətə, regionun
təhlükəsizliyinə xidmət edən baxış bucağına söykənən reallıqlar və
bu reallıqların kənar müdaxilələrdən qorunması ilə bağlı nümayiş
etdirilən siyasi iradənin doğurduğu nəticələr öz bəhrəsini
verməkdədir. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası
başlayıb, hətta demaekasiya işləri, gözlənildiyindən daha intensiv
bir şəkildə həyata keçirilir. Bütün bunlar Azərbaycanla Ermənsitan
arasında birbaşa təmaslar yoluyla, hər hansı kənar qüvvənin,
vasitəçinin iştirakı olmadan əldə olunan nəticələrdir. Bütün
bunlardan sonra ortaya haqlı olaraq ritorik bir sual çıxır: Bizə
vasitəçi lazımdırmı? Sualın cavabı, qənaətimə görə, Makron və
makronkimilər istisna olunmaqla hər kəsə aydındır – Yox! Yox!
Yox!

Son 32 il ərzində özünü “vasitəçi” kimi sırıyan və təkrar
istifadəyə yararsızlıqları sübuta yetirildiyinə baxmayaraq, yenidən
sırımaq istəyənlərin yeganə məqsədi bölgədə öz siyasi və iqtisadi
maraqlarını, hərbi mövcudluqlarını təmin etmək, buradan isə Mərkəzi
Asiyaya açılmaqdır. Onların heç Ermənistana dagün ağlamaq
niyyətləri yoxdur. Məqsədləri öz maraqlarının növbəti qurbanına
çevirdikləri Ermənistanın gününə ağlamaqdan ibarətdir.

Azərbaycan bölgədə davamlı, kənar oyunçuların istifadə
mexanizminə çevrilməyəcək sülh istəyir. Bu isə, Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, yalnız Azərbaycan ilə Ermənistan
arasında normallaşma vasitəsilə əldə oluna bilər.

Siyasi şərhçi Elçin Mirzəbəyli