
Bakı. Trend:
Hazırda Gürcüstanda baş verən hadisələr ABŞ və Avropa siyasi
dairələrinin təxribatıdır. Məqsəd Gürcüstanda, ümumiyyətlə, Cənubi
Qafqazda sabitliyi pozmaqdır.
Trend xəbər verir ki, bu sözləri
AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli söyləyib.
S.Kərimli bildirib: “Qərb bununla aydın şəkildə göstərir ki,
Cənubi Qafqaz üzərindən Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir
və Gürcüstanı Ukraynaya çevirmək planları artıq işə salınıb.
Sirr deyil ki, ABŞ uzun illərdir Gürcüstanda ictimai-siyasi
proseslərə ciddi təsir imkanlarına malik olub. Rekord sayda
qeyri-hökumət təşkilatı yaratmaq və maliyyələşdirməklə Qərb
Gürcüstanda öz istəklərinə cavab verən şəbəkə qura bilib. Gürcüstan
cəmiyyətində çaxnaşma yaradılması, Avropa İttifaqına inteqrasiya
adı ilə gürcü xalqının narkomaniyaya sürüklənməsi, milli dəyərlərin
tapdanması kimi mənfi təzahürlər göz önündədir. Aydın məsələdir ki,
bütün bunlar Gürcüstanın müstəqil və suveren ölkə kimi varlığını
təhlükə altında qoyur”.
Siyasi şərhçinin fikrincə, heç də uzaq olmayan keçmişə nəzər
salsaq görərik ki, Qərb eyni məkrli planları illər əvvəl Ukrayna
üzərindən də həyata keçirmişdi və hazırda Kiyevin acı taleyi göz
önündədir. Ümumiyyətlə, ABŞ Cənubi Qafqazda hegemonluq etmək üçün
bütün imkanlarını səfərbər edib. Hazırda regionumuzun zəif bəndi
olan Ermənistana təsirlər göstərilir və İrəvan sülh prosesindən
uzaqlaşdırılır. Ermənistanın Azərbaycanla yeni hərbi qarşıdurmalara
sürüklənməsi və bununla da rəsmi Bakıya siyasi təzyiqlər cəhdi
Qərbin çeşidli planlarındandır.
“Azərbaycan daim müstəqil və milli maraqlara əsaslanan
qətiyyətli siyasət yürütdüyündən ABŞ və Avropa ölkəmizə qarşı
planlarında uğur qazana bilməyib. Belə olduqda, Ermənistandan alət
kimi istifadə edilib. Paralel olaraq Gürcüstanda təhlükəli
ssenarilər həyata keçirilir. Hazırda gürcü xalqı baş verənləri
yaxşı anlayır və gələcək onilliklər üçün öz müqəddəratını
müəyyənləşdirir. Əminliklə söyləmək olar ki, Gürcüstan cəmiyyətinin
haqlı müqaviməti gec-tez ABŞ və Avropanın bölgəmizdən qovulması ilə
nəticələnəcək. Əgər Qərbin Cənubi Qafqaz üzərindən oyunları tam dəf
edilərsə, şübhəsiz ki, bölgəmizdə uzunmüddətli və dayanıqlı sülh
əldə olunar, region ölkələri sabitlik, rifah içində inkişafa doğru
irəliləyər”, – deyə Sahil Kərimli vurğulayıb.





























