Advertisement

Ceyhun Bayramov ATƏT-in sədri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdi

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə Malta
Respublikasının xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan
sədri Yan Borq arasında telefon danışığı aparılıb.

XİN-dən Trend-ə bildirilib ki, telefon danışığı zamanı ATƏT
gündəliyində duran məsələlər, eləcə də regional vəziyyət müzakirə
edilib.

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas
istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar barədə
ölkəmizin mövqeyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov həmçinin post-münaqişə dövründə regionda
mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi,
ölkəmizin məsələlərə yanaşması barədə qarşı tərəfi ətraflı
məlumatlandırıb.

Bununla yanaşı, ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim
Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyası (COP29) çərçivəsində ATƏT və sədrlik ilə mümkün
əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və
regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.