Bakı. Trend:
Gələn günlər ərzində İran və Azərbaycan arasında Araz çayı
üzərində Qız Qalası hidroqovşağının istifadəyə veriləcəyi
gözlənilir.
Trend-in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan Regional
Su Şirkətinin icra direktoru Yusif Qaffarzadə deyib.
Onun sözlərinə görə, bu su hidroqovşağı iki ölkə arasında ən
önəmli layihələrdən biridir ki, tam şəkildə istifadəyə
hazırdır.
Qaffarzadə bildirib ki, Araz su bəndindən 196 km aşağı hissədə
yerləşən Qız Qalası hidroqovşağının istifadəyə verilməsi ilə İran
ərazisində 74 min hektar kənd təsərrüfatı ərazisi (Ərdəbil
vilayətində 62 min hektar, Şərqi Azərbaycan vilayətində 12 min
hektar) su ilə təmin olunacaq. Beləliklə qeyd olunan ərazilərdə
kənd təsərrüfatı məhsullarının istehsalının artması ilə
nəticələnəcək.
Şirkət rəsmisi deyib ki, Qız Qalası hidroqovşağı saniyədə 3.44
min kubmetr daşqınlarla əlaqədar hər iki tərəfdə tənzimləyici kanal
nəzərdə tutulub.
Qeyd edək ki, İran tərəfi bildirir ki, Qız Qalası hidroqovşağına
5.5 trilyon rial (təxminən 131 milyon dollar) dəyərində vəsait
xərclənib. Bu su bəndi vasitəsi ilə İranın Şərqi Azərbaycan və
Ərdəbil vilayətlərində 74 min hektar ərazi su ilə təmin olunacaq və
85 min nəfərin işlə təmin olunması ilə nəticələnəcək. Bu su bəndi
ildə 2 milyard kubmetr (1 milyard kubmetr Azərbaycan, 1 milyard
kubmetr İran üçün) suyu tənzimləyəcək.




























