Advertisement

Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndəki işlərinin gedişi ilə tanış oldu (FOTO)

Bakı. Trend:

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan
Respublikasının Baş naziri Əli Əsədov mayın 7-də Kahramanmaraş
vilayətində “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin
gedişi ilə tanış olub.

Trend xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına
əsasən, ölkəmiz 2023-cü il 6 fevral tarixində Türkiyədə baş verən
dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş vilayətində yeni
məhəllənin tikintisinə dəstək verib.

2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində bununla bağlı
imzalanmış hökumətlərarası Əməkdaşlıq Sazişinə uyğun olaraq
layihənin həyata keçirilməsi üçün ümumi dəyərin 100 milyon ABŞ
dolları məbləğində vəsaiti Azərbaycan hökuməti tərəfindən
ayrılıb.

Layihə çərçivəsində Azərbaycan tərəfinin İcraçı Qurumu olan
Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyətinin sədri Sadiq Sadıqov
tikinti işlərinin gedişi barədə Baş nazir Əli Əsədova məlumat
verib.

Baş nazir tikinti işlərinin vaxtında və yüksək keyfiyyətlə
həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.