Advertisement

Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir – Vüqar Rəhimzadə

Bakı. Trend:

Bu gün ölkə və dünya mətbuatında müzakirə olunan mövzulardan
biri də Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı
haqqında” qanun layihəsinin yenidən müzakirəyə çıxarılması və
ölkədə siyasi qarşıdurmanın dərinləşməsidir. Hökumət bu qanunun
qəbulunun ölkədə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının
fəaliyyətində şəffaflığın təmin olunmasına, demokratiyanın, söz
azadlığının inkişafına xidmət edəcəyini bəyan edir. Lakin müxalifət
və onları dəstəkləyən qeyri-hökumət təşkilatları, mətbuat orqanları
bu qanunun qəbuluna qarşı çıxır. Sənədə əsasən, həmin qurumlar ildə
bir dəfə maliyyənin haradan və hansı məqsədlər üçün daxil olduğu
barədə məlumat verməlidir. Qanun layihəsində nəzərdə tutulan
şərtlərə əsasən, ölkə daxilində maliyyə vəsaitinin 20 faizini
xarici dövlətlərdən alan QHT-lərin və media qurumlarının “xarici
agentlər” reyestrinə daxil edilməsi təklif olunur.

Sözügedən qanun layihəsi ilə bağlı xaricdən gələn tənqidi
fikirlər də diqqətdən kənarda qalmır. Bu baxımdan ki, tənqid daha
çox Avropa İttifaqı, bəzi Qərb dövlətləri və ABŞ tərəfindən
səsləndirilir. Maraqlısı budur ki, bu gün Gürcüstanı belə bir
sənədin qəbuldan çəkindirməyə çalışan ABŞ, Böyük Britaniya, Fransa
və digər Qərb dövlətlərinin özləri vaxtilə belə qanunlar qəbul
edib. Göründüyü kimi, paradoksal haldır ki, Qərb özü xarici
agentlər barədə normativ-hüquqi aktlar qəbul edir, xaricdən
maliyyələşməni yasaqlayır, amma digər ölkələrə bunu qadağan etməyə
çalışır.

Bu fikirləri siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə
Trend-ə açıqlamasında
bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Gürcüstanda qarşıdurmaların
dərinləşməsinə Avropa İttifaqının və Qərbin dəstəyi müxtəlif
fikirlərin yaranmasına səbəb olmaya bilməz. Görünən odur ki, Qərb
məqsədli şəkildə qonşu ölkədə qarışıqlıq yaratmağa çalışır.

V.Rəhimzadə vurğulayıb ki, beynəlxalq müzakirəyə səbəb olan bu
qanun layihəsi reallıqda gürcü xalqının ümummilli dəyərlərinin və
dövlət maraqlarının qorunmasına xidmət edir. Maliyyələşmədə
qaranlıq məqamların mövcudluğu bu prosesin subyektləri olan
QHT-lərin fəaliyyətində də özünü aydın şəkildə nümayiş etdirir ki,
son nəticədə bundan zərbə alan dövlət olur. Bu baxımdan xarici
təsirin şəffaflığının təmin edilməsi hər bir ölkə üçün vacib
amillərdən biridir. Avropa İttifaqının və Qərbin hər bir ölkənin
daxili işi olan bu məsələdən narahatlıq keçirməsi təəccüb doğurmaya
bilməz. Dünya gücləri ikili standartlara əsaslanan siyasətin
yaratdığı problemlərin nə qədər şahidinə çevrilsələr də, görünən
odur ki, hələ də bu xəstəlikdən yaxa qurtara bilmirlər. Bu baxımdan
hazırda Qərbin Gürcüstan parlamentinin qəbul etmək ərəfəsində
olduğu məlum qanun layihəsi ətrafında yaratdığı “narazılıq
görüntüsü”nün arxasında hansı maraqların dayandığı məlumdur. Daim
bu və ya digər dövlətlərə “demokratiya dərsi” keçməyə cəhd edən
Qərb ölkələri əvvəlcə özlərində baş verən hadisələrə diqqət
yetirsələr daha yaxış olar. Demokratik dəyərlərə yanaşmada vahid
mexanizmin olmaması, ədalət meyarının qorunmaması daim problemlərə,
etimad mühitinin sıfıra enməsinə səbəb olur.

Vüqar Rəhimzadə qeyd edib ki, Avropa Parlamenti ötən ay
Gürcüstan parlamentində müzakirə olunan “Xarici təsirin şəffaflığı
haqqında” qanun layihəsi ilə bağlı qətnamə qəbul edib. Həmin
sənəddə “xarici agentlər” haqqında qanun layihəsinin dəyərlərə və
Gürcüstanın Avropa İttifaqına üzvlük ambisiyalarına zidd olduğu,
onun beynəlxalq nüfuzuna xələl gətirdiyi və ölkənin Avroatlantik
istəklərini təhlükə altına aldığı qeyd olunub. Reallıq budur ki,
Gürcüstan Avropa İttifaqına üzv qəbul olunmaq üçün illərdir səy
göstərir. Lakin qarşı tərəf ölkənin bunun üçün perspektivinin
olduğunu bildirsə də, hələ şərtlərə uyğun olaraq atacağı çox
addımların olduğunu bəhanə gətirir. Onlardan biri də Gürcüstanın
Avropa dəyərlərinə sadiqliyi məsələsidir. Amma Avropa İttifaqına
üzvlük üçün mövcud şərtlər zamana və məkana görə dəyişir. Qardaş
Türkiyənin Avropa İttifaqına üzvlüyünə mane olan məqamlar, daha
dəqiq desək, qurumun irəli sürdüyü şərtlər hər kəsə məlumdur.
Burada şərt kimi Avropa dəyərlərinə sadiqlik məsələsi irəli
sürülmür. Qondarma “erməni soyqırımı” məsələsinin Türkiyə
tərəfindən qəbulu, Ermənistanla sərhədlərin açılması və sair kimi
şərtlər irəli sürülür. Nəzərə alsaq ki, Ermənistana dəstək
göstərənlər sırasında Avropa İttifaqı xüsusi yer tutur, bu halda
qurumun hansı dəyərlərə önəm verdiyini görməmək mümkün deyil.

Vüqar Rəhimzadə Avropa İttifaqının xanım Ursula fon der Lyayenin
rəhbərliyi ilə xaricdən maliyyələşmənin qadağan edilməsinə dair
sənəd hazırlanması faktını önə çəkərək bildirib ki, bu özü
Gürcüstan parlamentinin müzakirəyə çıxardığı qanun layihəsi ilə
Qərbin cəhdlərinin arxasında əks maraqların dayandığını bir daha
təsdiq edir. Qərb Gürcüstanda yaratdığı və maliyyələşdirdiyi
şəbəkənin ifşa olunmasını istəmir.