Advertisement

Slovakiya da “Həmrəylik Halqası”ndan yararlana biləcək – Azər Qarayev

Bakı. Trend:

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana
səfəri və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə
Bəyannamənin imzalanması Azərbaycan-Slovakiya əlaqələrində yeni
səhifə açır.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Azərbaycanla Slovakiya Respublikası
arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılsa da, ikitərəfli
münasibətlərin genişlənməsində Prezident İlham Əliyevin bu ölkəyə
2004-cü ildə etdiyi işgüzar səfər böyük rol oynayıb. Bu gün isə
Azərbaycanla Slovakiya arasında münasibətlər artıq yeni, daha
yüksək səviyyəyə çatmaq üzrədir.

“Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və onlar
yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə
məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı,
elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində
əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Məhz bu kontekstdə iki
ölkənin əməkdaşlığının bir əlamətdar istiqaməti də azad edilmiş
torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir.

Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti
tərəfindən icra ediləcək. Bu, əlbəttə ki, həm də böyük rəmzi məna
daşıyır. Əgər bu bir tərəfdən Azərbaycan-Slovakiya əlaqələrinin
səmimiliyinin dərəcəsini göstərirsə, digər tərəfdən işğaldan azad
edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı
şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı
mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları
sevindirəcək”.

Politoloq vurğulayıb ki, önəmli hadisələrdən biri də Birgə
Bəyannamənin imzalanması oldu.

“Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlığın
yaradılması haqqında Birgə Bəyannamə çox ciddi siyasi sənəddir.
Prezident İlham Əliyev bəyanatında məhz bu sənədin önəmini xüsusi
vurğuladı.

Artıq bu il Avropa ölkələrinə təbii qaz ixracı 12 milyard
kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini
təşkil edir. 2027-ci ilin sonuna qədər isə təkcə Avropa İttifaqı
məkanına 20 milyard kubmetr qazın nəql edilməsi nəzərdə tutulur.
Təbii ki, bu öhdəliyi yerinə yetirmək üçün ölkəmiz təbii qaz
hasilatını artırır.

Hazırda Azərbaycan 8 Avropa ölkəsinə təbii qaz ixrac edir.
2023-cü ildə “Həmrəylik Halqası” adlanan sənədin imzalanması ilə
Azərbaycan qazının Slovakiya bazarına da nəql edilməsi üçün yaxşı
imkanlar yaradılıb. Bu mənada, Azərbaycan təbii qazını 9-cu Avropa
ölkəsi olmaqla Slovakiyaya da ixrac edə biləcək. Lakin onu da
nəzərə almaq lazımdır ki, Azərbaycan Avropaya yenilənəbilən enerji
mənbələrindən hasil etdiyi enerjinin ixracını planlaşdırır. Bu
baxımdan Slovakiya Balkan yarımadasına çıxacaq elektrik enerjisi
xəttindən yararlana bilər”.