
Bakı. Trend:
Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Respublikasının
Prezidenti Rumen Radev və xanımı Desislava Radeva mayın 8-də Milli
Gimnastika Arenası ilə tanış olublar.
Trend xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov və
nazir müavini Mariana Vasileva Arenada yaradılan şərait barədə
Bolqarıstan Prezidentinə və xanımına məlumat veriblər.
Bildirilib ki, 9600 tamaşaçı üçün nəzərdə tutulmuş Milli
Gimnastika Arenası iki hissədən ibarətdir. Arenada gimnastların
beynəlxalq yarışlara müntəzəm hazırlıq prosesi aparılır. Buradakı
gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir.
Arenada məşqlər üçün nəzərdə tutulmuş zallar, auditoriyalar,
atletlər üçün xidmət göstərən yeməkxana mövcuddur. Kompleksdə,
həmçinin mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya,
trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar,
kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı
gimnastika komplekslərindən biri olan bu idman qurğusunda otel də
yaradılıb.
Məlumat verilib ki, Azərbaycan Gimnastika Federasiyası əhalinin
bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb edilməsi,
yerli idmançıların hazırlanması, yığma komandaların
formalaşdırılması və hazırlığı, onların beynəlxalq yarışlara,
toplanışlara göndərilməsi ilə də fəal şəkildə məşğul olur. Burada
200-ə yaxın 12-13 yaşından yuxarı oğlan və qızlar idmanla yanaşı,
Təhsil Nazirliyi ilə razılaşma əsasında öz təhsillərini də davam
etdirirlər. Federasiya xarici ölkələrin idman təşkilatları və
beynəlxalq idman qurumları ilə də əlaqələrini inkişaf etdirir.
Qeyd olunub ki, Milli Gimnastika Arenası ölkəmizdə bir sıra
mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib.
Gimnastikanın müxtəlif növləri üzrə nüfuzlu beynəlxalq turnirlərlə
yanaşı, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış
mərasimi, 2015-ci ildə I Avropa və 2017-ci ildə IV İslam Həmrəyliyi
oyunlarının gimnastika yarışları, 2018-ci ildə cüdo üzrə dünya
çempionatı bu möhtəşəm arenada təşkil olunub.
Komplekslə tanışlıqdan sonra Bolqarıstan Prezidenti və birinci
xanımı bədii gimnastların nümunəvi çıxışlarına baxıblar.
Daha sonra Prezident Rumen Radev və birinci xanım Desislava
Radeva Azərbaycanda fəaliyyət göstərən bolqarıstanlı idmançı və
idman xadimləri ilə görüşüblər.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli
çəkdirilib.





























