Advertisement

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının nümayəndə heyətləri ilə görüş keçirildi (FOTO)

Bakı. Trend:

Mayın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini –
Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Vyetnam-Azərbaycan və
Laos-Azərbaycan dostluq qruplarının nümayəndə heyətlərini qəbul
edib.

Trend xəbər verir ki, qonaqları salamlayan YAP Sədrinin müavini
– Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın istər
Vyetnam, istərsə də Laosla xüsusilə də BMT və Qoşulmama Hərəkatı
çərçivəsində səmərəli əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd
edib.

Xalqlarımız arasındakı münasibətlərin təməlinin hələ SSRİ
dövründə qoyulduğunu diqqətə çatdıran Tahir Budaqov Vyetnam
xalqının öndəri Ho Şi Minin 1959-cu ildə Azərbaycana, xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin isə SSRİ Nazirlər Soveti Sədrinin
birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinin tarixi
əhəmiyyətinə diqqəti cəlb edib.

O, həm Vyetnam, həm də Laosdan olan çox sayda tələbənin SSRİ
dövründə Azərbaycanda ali təhsil aldıqlarını, onlardan bir çoxunun
ölkələrinə qayıtdıqdan sonra yüksək vəzifələrdə çalışdıqlarını və
ictimai-siyasi həyatda fəal rol oynadıqlarını, eləcə də ölkələrimiz
arasında əlaqələrin inkişafına mühüm töhfələr verdiklərini
söyləyib.

Tahir Budaqov vurğulayıb ki, qarşılıqlı səfərlər dövlətlərarası
əməkdaşlığın dərinləşməsinə təkan verir. YAP Sədrinin müavini
2014-cü ildə Prezident İlham Əliyevin Vyetnam Sosialist
Respublikasına dövlət səfərinin, 2015-ci ildə isə Vyetnam
Prezidenti Truonq Tan Sanqın Azərbaycana rəsmi səfərinin bu
kontekstdə xüsusi önəm daşıdığını bildirib.

YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, Yeni Azərbaycan
Partiyasının hakim partiyalar olan Vyetnam Kommunist Partiyası
(VKP) və Laos Xalq İnqilab Partiyası (LXİP) ilə əlaqələri möhkəm
təməllər üzərində inkişaf etməkdədir. O, 2022-ci ilin noyabrında
LXİP nümayəndə heyətinin Yeni Azərbaycan Partiyasının 30 illik
yubiley tədbirində və Asiya Siyasi Partiyaları Beynəlxalq
Konfransının (ICAPP) YAP-ın ev sahibliyi ilə keçirilən
“Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda
xüsusi konfransında iştirakının, eləcə də VKP nümayəndə heyətinin
ICAPP-ın sözügedən xüsusi konfransına onlayn formatda qatılmasının,
2022-ci il noyabrın 24-də ölkəmizə səfəri çərçivəsində VKP
nümayəndə heyəti ilə keçirilən görüşün, həmçinin VKP-nin dəvəti ilə
YAP nümayəndə heyətinin 2023-cü il 19-24 noyabr tarixlərində
Vyetnama səfərinin və bu çərçivədə partiyalar arasında əməkdaşlıq
sazişinin imzalanmasının əhəmiyyətini xüsusi vurğulayıb. O qeyd
edib ki, YAP-ın həm VKP, həm də LXİP ilə imzaladığı əməkdaşlıq
sazişindən irəli gələn vəzifələrin icra olunması qarşılıqlı faydalı
işbirliyinin inkişafına xidmət edir.

Vyetnam nümayəndə heyətinin rəhbəri, Vyetnam-Azərbaycan Dostluq
Assosiasiyası sədrinin müavini, Vyetnam Sosialist Respublikası
Elmlər Akademiyasının eksperti Fam Honq Kuan səmimi qəbula görə
təşəkkür edərək Azərbaycana yenidən səfər etməkdən son dərəcə
məmnun olduqlarını bildirib.

O, dostluq və tərəfdaşlıq əlaqələrinə malik olan Azərbaycan ilə
Vyetnam arasında münasibətlərin yüksələn xətlə inkişafının
məmnunluq doğurduğunu söyləyib.

Ali təhsilini ölkəmizdə aldığını və Azərbaycan xalqının dost
münasibətini daim hiss etdiyini bildirən Fam Honq Kuan
respublikamızın uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Vyetnam
nümayəndə heyətinin rəhbəri səfər çərçivəsində Şuşa və Füzuli
şəhərlərini ziyarət etdiklərini və işğaldan azad olunmuş ərazilərdə
genişmiqyaslı yenidənqurma işlərinin əyani şahidi olduqlarını qeyd
edib.

Laos nümayəndə heyətinin rəhbəri, Laos Xalq Demokratik
Respublikasının energetika və mədənlər nazirinin müavini Sonqfat
İntsavonq da Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib.
O, səfər çərçivəsində keçirilən görüşlərin ölkələrarası
münasibətlərin inkişafına mühüm töhfə olacağını diqqətə
çatdırıb.

Sonqfat İntsavonq Azərbaycan ilə Laos arasında müxtəlif
sahələrdə mübadilələrin aparılmasının önəmindən bəhs edib və
ölkələrarası əməkdaşlığı dərinləşdirmək üçün geniş potensialın
mövcud olduğunu söyləyib.

S.İntsavonq Azərbaycanda ali təhsil aldığı illərin onun üçün
unudulmaz və əlamətdar olduğunu qeyd edərək ölkəmizin qısa müddət
ərzində sürətli inkişaf yolu keçdiyini vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər
də müzakirə edilib.

Sonda qonaqlara hədiyyələr təqdim olunub və xatirə fotosu
çəkdirilib.