
Bakı. Trend:
Fransanın “Le Figaro” qəzetində mayın 10-da Qazaxıstanın Almatı
şəhərində keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər
nazirlərinin görüşü ərəfəsində Ermənistan-Azərbaycan
münasibətlərinin normallaşdırılması və bu prosesdə beynəlxalq
vasitəçilikdən imtina mövzusuna dair geniş məqalə dərc olunub.
Trend xəbər verir ki, beynəlxalq münasibətlər üzrə ekspert
Sebastyan Bussuanın müəllifi olduğu məqalədə iki ölkənin xarici
işlər nazirlərinin Almatıdakı görüşünün ciddi geosiyasi irəliləyiş
olacağı bildirilib. “Onilliklər boyu davam edən müharibədən sonra
bölgədə sülhün yaradılması prosesi üçün ikitərəfli yanaşmanın
bərpası ümidləri yalnız indi – dünyanın od tutub yandığı və
beynəlxalq birliyin təkcə öz dibinə işıq sala bildiyi bir dövrdə
çiçəklənir”, – deyə müəllif vurğulayıb. Onun fikrincə, Ermənistan
və Azərbaycan ilin sonuna qədər sübut edə bilərlər ki, nəinki
Birləşmiş Millətlər Təşkilatı sülhə gətirib çıxarmaq üçün çox
köhnəlib, həm də beynəlxalq vasitəçilik tendensiyası da uzaq
keçmişdə qalıb.
“Həqiqətən də Cənubi Qafqaz artıq dörd ildir ki, yekun razılığa
gəlməyə çalışır. Lakin ABŞ, Rusiya və Avropa İttifaqının cəhdləri
heç nəyə gətirib çıxarmadı. Artıq bir neçə aydır ki, nazirlərin
rəhbərlik etdiyi İrəvan və Bakıdan olan iki danışıqçı nümayəndə
heyəti müntəzəm olaraq həll edilməli olan, iki ölkə arasında son
razılaşmaya gətirib çıxaracaq və otuz ildən çox davam edən
münaqişəyə son qoyacaq bütün digər müddəaları müzakirə edir. Bu
həftənin cümə günü Qazaxıstanın paytaxtı Almatıda yeni ikitərəfli
görüş keçiriləcək. Ev sahibliyi edən ölkə heç bir vasitəçi rol
oynamayacaq, lakin bu yer böyük simvolik əhəmiyyətə malikdir:
SSRİ-nin dağılması anını simvolizə edən Almatı Bəyannaməsi burada
imzalanmaqla, nəhəng Sovet İttifaqının mövcudluğuna son qoyuldu.
İndi burada yenidən tarix yazıla bilər”, – deyə məqalədə
vurğulanıb.
Bu yaxında danışıqlar nəticəsində 4 kəndin Azərbaycana
qaytarıldığını xatırladan Sebastyan Bussua qeyd edib ki, indi
gələcəyə baxmaq və əldə edilmiş razılaşmaların ilkin müddəalarına
diqqət yetirmək lazımdır. O, əldə edilmiş razılaşmanı Ermənistanın
irəliləməyə hazır olmasının sübutu kimi xarakterizə edir. S.Bussua,
həmçinin Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə
nümayəndəsi Elçin Əmirbəyovun fikrindən sitat gətirib və qeyd edib
ki, bu qərar Ermənistanın baş naziri Nikol Paşinyana göstərilən
təzyiq nəticəsində edilən güzəşt kimi qələmə verilməməlidir, çünki
burada söhbət, ümumiyyətlə, Ermənistan ərazisindən getmir. “O,
sadəcə beynəlxalq hüquqa müvafiq olaraq, əvvəlcədən Azərbaycana
məxsus olanı geri qaytarır”, – deyə diplomat bildirib.
Yazıda Azərbaycan tərəfdən sülh sazişi üzrə danışıqların
iştirakçısı kimi məsələyə aydınlıq gətirilərək qeyd olunub ki,
Prezident Əliyev kimi Nikol Paşinyan da sazişin yaxın gələcəkdə
imzalanacağına ümid edir. Elçin Əmirbəyovun sözlərinə görə, hər iki
ölkədə bu kontekstdə hətta müəyyən həvəs hiss olunur və ümid var
ki, sonda bu problemə son qoyulacaq.
“Erməni diasporu, erməni kilsəsi və siyasi opponentləri indi ona
(Nikol Paşinyana – red.) qarşı birləşsələr də, o, artıq bir şeyi
başa düşüb: sülh onun ölkəsinə çox uzun müddət qaldığı siyasi və
iqtisadi baxımdan çıxılmaz vəziyyətdən mümkün qədər tez çıxmağa
imkan verəcək”, – deyə Prezidentin xüsusi tapşırıqlar üzrə
nümayəndəsi əlavə edib.
Müəllif fikirlərini yekunlaşdıraraq yazıb ki, Nikol Paşinyan
mütəmadi olaraq regional iqtisadi inteqrasiyanın vacibliyindən bəhs
edir. Lakin bu məsələ yalnız, insanların və malların sərbəst
hərəkətinə də imkan yaranması üçün, onun ölkəsi Türkiyə və
Azərbaycanla sərhəd mübahisələrini həll etdikdən sonra mümkün
olacaq.
“İki ölkə arasında münasibətlərin normallaşdırılması üçün əsaslı
ümidin, nəhayət ki, ortaya çıxması üçün vaxt lazım oldu və
sözügedən vasitəçilərin səbəb olduğu bir çox reallaşmamış
gözləntilər meydana çıxdı. Əslində, Ermənistanın artıq başqa seçimi
yoxdur: ölkə mümkün qədər tez bir zamanda regional dinamikaya
reinteqrasiya etməlidir. Nikol Paşinyan, öz ölkəsini logistik
mərkəzə çevirmək istəyir və onu dəstəkləyən ermənilərə məhz bu
perspektivi təqdim edir, çünki öz missiyasını sona qədər yerinə
yetirə biləcəyinə ümid bəsləyir. Zəngəzur dəhlizi məsələsinin
həlli, Azərbaycan üçün həm onun öz bölgəsi olan Naxçıvana birbaşa
çıxışı bərpa edəcək, həm də qonşuları ilə ticarət əlaqələri qurmaq
istəyən Ermənistana faydalı olacaq. Hər iki tərəf noyabrda Bakıda
keçiriləcək COP29 sammitinə (BMT-nin İqlim Dəyişmələri haqqında
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası –
red.) qədər sülh sazişinin imzalanacağına ümid edir. Əgər bu
gerçəkləşərsə, çox simvolik hadisə ola bilər!”, – deyə müəllif
S.Bussua bildirib.





























