Advertisement

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar

Bakı. Trend:

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 79 il ötür.

Trend xəbər verir ki, bu
münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva iki dəfə
Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi
Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstəsi qoyub,
müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini
ehtiramla anıblar.

Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə
mühüm töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı
olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların
300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə
zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox
nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170
mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif
edilib.

Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu
keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində
vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb.
Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas
tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi,
neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz edilib.

Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının
tarixi şücaətləri hər zaman ehtiramla anılıb. Xalqımızın Ümummilli
Lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə
veteranlarına xüsusi diqqət və qayğı göstərib, onları “xalqımızın
qızıl fondu” adlandırıb. Prezident İlham Əliyev də müharibə
veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində
saxlayır, 9 May – Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar
göstərilir. Azərbaycan Prezidentinin 2024-cü il 2 may tarixli
Sərəncamı ilə 1941-1945-ci illər müharibəsində iştirak etmiş
şəxslərə 2000 manat məbləğində, İkinci Dünya müharibəsində həlak
olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına,
həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla
təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş
cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat
zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları
yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya
müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq
medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad
şəhərinin mühasirəsi iştirakçılarına 1000 manat məbləğində
birdəfəlik maddi yardım verilib. Bütün bunlar bir daha sübut edir
ki, müharibə veteranlarına hərtərəfli diqqət və qayğı Azərbaycanda
dövlət siyasətinin başlıca prioritetlərindən biridir.

Azərbaycan xalqı artıq dördüncü ildir ki, 1941-1945-ci illər
müharibəsində faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi
nəticəsində əldə olunmuş böyük Zəfərin doğurduğu sevinc hissi ilə
birgə ikiqat qürurla qeyd edir. Xalqımızın 30 il uğrunda mübarizə
apardığı ədalət nəhayət Zəfər çaldı, Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq
səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və
suverenliyini tam bərpa etdi.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə
və 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul
və qızlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi
yaşayacaq.