Bakı. Trend:
Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri də
Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla
ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir.
Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək
səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Qeyd etmək
lazımdır ki, Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji
tərəfdaşdırlar.
Bu sözləri Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, bu illər ərzində ölkələrimiz arasında
əlaqələr sürətlə və uğurla inkişaf edib.
“Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin
Azərbaycana rəsmi səfəri də ölkələrimiz arasında əlaqələrin
inkişafına mühüm töhfə olacaq. Bolqarıstan Prezidentinin ölkəmizə
səfəri ilə əlaqədar cənab Prezident İlham Əliyevin mətbuata verdiyi
bəyanatda qeyd olunur ki, hazırda Azərbaycan ilə Bolqarıstan
arasında fəal siyasi dialoq var və bu dialoq imkan verir ki, bütün
istiqamətlər üzrə əlaqələr genişlənsin, dərinləşsin və yeni
nəticələr əldə edilsin. Səfər çərçivəsində imzalanmış mühüm
sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Bolqarıstan
Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi
haqqında Birgə Bəyannamə” müəyyən edilmiş hədəflərə daha tez
çatmağın yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət
kəsb edir”, – o deyib.
K.Qafarov Azərbaycan ilə Bolqarıstan arasında enerji sahəsində
əməkdaşlığın xüsusilə böyük perspektivlər vəd etdiyini diqqətə
çatdırıb: “Təbii ki, Azərbaycan-Bolqarıstan əlaqələrində əsas
istiqamətlərdən biri məhz energetika sahəsini əhatə edir. Keçən il
Bolqarıstan bazarına 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı
nəql edilmişdir. Halbuki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon
kubmetr idi. Aparılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna
qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac
ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini
təşkil edir. Cənab Prezident İlham Əliyev öz çıxışında bu məqamı da
xüsusi olaraq vurğuladı ki, hazırda Azərbaycan qazı Bolqarıstan
ərazisindən digər qonşu ölkələrə də ixrac edilir və gələcəkdə bu
ölkələrin sayı daha da artacaq. Bu isə Bolqarıstanın təbii qaz
nəqlində vacib tranzit ölkəyə çevrildiyinin göstəricisidir.
Azərbaycan bu gün Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi
istiqamətində də çox fəal iş aparır. Ölkəmiz bu istiqamətdə də
böyük potensiala malikdir və bu potensial Azərbaycanın digər
strateji tərəfdaşları kimi, Bolqarıstanın da enerji
təhlükəsizliyinin təminatına önəmli töhfələr verəcək”.





























