Advertisement

Azərbaycan və Qazaxıstan XİN başçıları arasında görüş olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin
baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə
görüşüb.

XİN-dən Trend-ə verilən
xəbərə görə, görüş zamanı Azərbaycan və Qazaxıstan arasında mövcud
strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər,
postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə sülh
prosesinin hazırkı durumu müzakirə olunub.

Azərbaycanın xüsusilə son dövrlərdə Mərkəzi Asiya ölkələri, o
cümlədən Qazaxıstanla genişlənən yüksək səviyyəli münasibətlərdən
məmnunluq ifadə olunub.

İqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi,
nəqliyyat və kommunikasiyalar və s. istiqamətlər üzrə ikitərəfli
tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq platformalar, xüsusilə
Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın geniş
perspektivlər vəd etdiyi diqqətə çatdırılıb.

Cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına
(COP29) hazırlıq işləri ilə bağlı qarşı tərəfi ətraflı
məlumatlandıran nazir Ceyhun Bayramov, COP29-un öz növbəsində
əməkdaşlıq üçün yeni platforma olduğunu qeyd edib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, imkan və
çağırışlardan bəhs edən nazir Ceyhun Bayramov, Azərbaycan və
Ermənistan arasında ikitərəfli sülh prosesinin irəliləməsi
istiqamətində göstərdiyi dəstək və fəallığa görə Qazaxıstan
tərəfinə təşəkkür edib. Delimitasiya komissiyaları arasında əldə
olunmuş son razılığın fonunda bugünkü danışıqların da öz növbəsində
prosesə töhfə verəcəyinə dair inam ifadə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

xxx

13:02

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Qazaxıstana işgüzar səfəri çərçivəsində Qazaxıstan Respublikası Baş
nazirinin müavini – Xarici İşlər Naziri Murat Nurtleu ilə
görüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media
hesabında qeyd edilib.

Qeyd edilib ki, tərəflər iki ölkə arasında ikitərəfli və
çoxtərəfli əməkdaşlıq gündəliyini, iqtisadiyyat, enerji
təhlükəsizliyi, investisiyalar kimi müxtəlif sahələrdə strateji
tərəfdaşlığın perspektivlərini müzakirə ediblər.

Xarici işlər naziri Ceyhun Bayramov həmkarına münaqişədən
sonrakı normallaşma prosesi ilə bağlı Azərbaycanın təşəbbüsləri və
mövqeyi barədə məlumat verib.