Bakı. Trend:
Ermənistan ilə Azərbaycan arasında münasibətlərin
normallaşdırılması prosesi ilə bağlı müntəzəm görüşlər sülh
sazişinin hazırlanması prosesinin mühüm elementidir.
Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri
Ceyhun Bayramov Ermənistan və Qazaxıstan XİN rəhbərləri ilə
üçtərəfli görüşdə deyib.
“Qazaxıstan tərəfinə, şəxsən Qazaxıstan prezidentinə
Qazaxıstanda iki ölkənin nümayəndə heyətləri arasında danışıqların
növbəti mərhələsini keçirmək təşəbbüsünə görə təşəkkürümü bildirmək
istərdim. Ermənistan ilə Azərbaycan arasında münasibətlərin
normallaşdırılması prosesi ilə bağlı müntəzəm görüşlər sülh
sazişinin hazırlanması prosesinin mühüm elementidir. Son dəfə
nümayəndə heyətləri iki aydan çox öncə Berlində görüşüblər”, – deyə
o bildirib.
C.Bayramov vurğulayıb ki, son görüşdən etibarən tərəflər
arasında sülh sazişi layihəsi ilə bağlı şərhlərin mübadiləsi olub,
həmçinin, əlavə olaraq danışıqlar prosesinin bu və ya digər
aspektləri üzrə tərəflərin mövqelərini əks etdirən müəyyən sənədlər
mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Almatı şəhərində
səfərdədir. İki ölkə arasında “Sülhün və dövlətlərarası
münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi
üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
danışıqlarının növbəti raundu keçirilir.





























