
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının
ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tomas Ştəli ilə
görüşüb.
Parlamentdən Trend-ə verilən məlumatına görə, görüşdə ölkələrimiz
arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə
əməkdaşlığın daha da genişləndirilməsi məsələləri nəzərdən
keçirilib, dostluq və əməkdaşlıq ruhunda inkişaf edən ikitərəfli
münasibətlərin hazırkı səviyyəsindən razılıq ifadə olunub. Qeyd
olunub ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və davamlı siyasi
dialoq iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün böyük
əhəmiyyət kəsb edir.
Söhbət zamanı iki ölkə arasında əlaqələrin mühüm bir istiqaməti
olan parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinin
əhəmiyyəti ilə bağlı fikirlər də səsləndirilib. Milli Məclisin
sədri Sahibə Qafarova özünün 2022-ci ildə İsveçrə Konfederasiyasına
rəsmi, cari ildə isə işgüzar səfərlərini xatırladıb. O,
qanunvericilik orqanları arasında əməkdaşlığın genişləndirilməsi
üçün qarşılıqlı təmasların əhəmiyyətini, o cümlədən dostluq
qruplarının rolunu vurğulayıb.
Görüşdə, həmçinin diqqətə çatdırılıb ki, ölkələrimiz arasında
iqtisadi əlaqələrin vacib bir istiqamətini energetika sahəsində
əməkdaşlıq təşkil edir. Azərbaycan və İsveçrə bu istiqamətdə uğurlu
əməkdaşlıq edir. Azərbaycanın geniş alternativ enerji mənbələrinə
malik olduğunu nəzərə alaraq, bu istiqamətdə də əməkdaşlıq həyata
keçirilə biləcəyi ilə bağlı fikirlər səsləndirilib.
Söhbət zamanı regionda mövcud olan vəziyyət, Azərbaycanın
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi nəhəng bərpa və
quruculuq işləri barədə də məlumat verilib. Bu ərazilərdə həyata
keçirilən yenidənqurma işlərində İsveçrə şirkətlərinin də iştirakı
məsələləri də müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir
mübadiləsi aparılıb.





























