
Bakı. Trend:
Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında
diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulmuş və həyata
keçirilən uğurlu siyasət nəticəsində bu münasibətlər strateji
tərəfdaşlıq səviyyəsinə qədər yüksəlmişdir. Cari ilin 8 may
tarixində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin
Azərbaycana rəsmi səfəri ilə əlaqədar cənab İlham Əliyevin mətbuata
verdiyi bəyanatda iki ölkə arasında mövcud əlaqələrə diqqət
çəkərək, Bolqarıstanın ölkəmizlə strateji tərəfdaşlığından, uğurlu
siyasi dialoq nəticəsindən, ticarət dövriyyəsinin o, cümlədən
ildən-ilə Azərbaycan təbii qazının Bolqarıstana ixracının
artmasından və Bolqarıstanın təbii qaz nəqli istiqamətində vacib
tranzit ölkə kimi çıxış etməsindən, Azərbaycanın tərəfdaş
ölkələrlə, eləcə də Bolqarıstanla “Yaşıl enerji kabeli” layihəsi
istiqamətdə çox aktiv iş aparmasından eyni zamanda digər mühüm
məsələlər ətrafında geniş danışmışdır.
Cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda ölkələrimiz
arasında olan səmərəli fəaliyyətə toxunaraq bildirmişdir ki, “Bu
gün Bolqarıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri
zamanı bir neçə önəmli sənəd imzalanmışdır. Onların arasında təbii
ki, strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə
Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bolqarıstan və Azərbaycan
2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində
əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bolqarıstan
Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür. Bizim
Prezident Radevlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Keçən il
həm Prezident Radev Azərbaycana, həm də mən Bolqarıstana səfərlər
etmişdik. Eyni zamanda, keçən il biz Bolqarıstan-Serbiya sərhədində
görüşmüşdük. Bir sözlə, fəal siyasi dialoq imkan verir ki, bütün
istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni
nəticələr əldə edilsin. Təbii ki, bu gün Bolqarıstan-Azərbaycan
əlaqələrinin geniş spektri müzakirə edilmişdir və gələcək
addımlarımız haqqında fikir mübadiləsi aparılmışdır. Son vaxtlar
ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi təbii
ki, enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü
səviyyəsi və perspektivləri də çox müsbətdir. Təkcə onu demək
kifayətdir ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan
qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250
milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql
edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm
cəmi 600 milyon kubmetr idi. Bizim hesablamalarımız onu göstərir
ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı
Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının
təqribən 50 faizini təşkil edir. Yəni, bu gün Azərbaycan Avropa
Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi
fəaliyyətini Avropa məkanında genişləndirir və enerji
təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir”.
Qeyd etmək lazımdır ki, Bolqarıstan yeni geosiyasi şəraitdə də
ölkəmiz ilə əlaqələrini davamlı inkişaf etdirmək kursuna
sadiqliyini göstərir. Azərbaycan və Bolqarıstan dövlətləri arasında
ənənəvi dostluq, qarşılıqlı anlaşma və qarşılıqlı etimad bağlarının
bağladığını eyni zamanda ən yüksək səviyyədə olan siyasi dialoq
Qafqaz regionu və Qara dəniz hövzəsi ölkələrinin iqtisadi rifahı
üçün yaxşı zəmin yaradır. Ölkələrimiz arasında olan dostluq və
qardaşlıq münasibətləri Avropanın enerji təhlükəsizliyinə töhfə
verir. Cari ilin 8 may tarixində iki dövlət başçısının görüşü
çərçivəsində “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası
arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə
Bəyannamə”, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və
“Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”,
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi
arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma
Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə
“Asarel Investment” arasında Anlaşma Memorandumu” haqqında sənədlər
imzalanmışdır. Ölkəmiz inamla inkişaf edir və Azərbaycanın dünyada
rolu, əhəmiyyəti, fəaliyyəti günü-gündən artır. Azərbaycanın dünya
dövlətlərinin maraq çərçivəsində olması cənab İlham Əliyev
tərəfindən həyata keçirilən uğurlu siyasətin parlaq nəticəsi və
məntiqi bağlılığının təzahürüdür.
Milli Məclisin deputatı,
Rauf Əliyev





























