
Bakı. Trend:
Mayın 11-də Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə toplantı
keçirilib.
Trend bu barədə Müdafiə
Nazirliyinə istinadən xəbər verir.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və
torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan
Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə naziri mayın 10-da Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin Şuşada birinci yaşayış kompleksinin açılışı zamanı şəhərə
köçmüş ilk sakinlərlə görüşündəki çıxışından irəli gələn
tapşırıqları toplantı iştirakçılarına çatdırıb.
Ali Baş Komandanın çıxışının Azərbaycan Ordusunda bütün şəxsi
heyətə çatdırılmasının əhəmiyyətini qeyd edən nazir bununla bağlı
aidiyyəti üzrə müvafiq göstərişlər verib.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdafiə nazirinin
müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant
Ramiz Tahirovun hərbi xidmətdə olmağın son yaş həddi nəzərə
alınmaqla ehtiyata buraxılması ilə bağlı müvafiq Sərəncamı
çatdırılıb.
Müdafə naziri Azərbaycan Ordusunun digər qoşun növləri kimi,
HHQ-nin də Vətən müharibəsi və digər əməliyyatlarda fəaliyyətinin
Ali Baş Komandan tərəfindən hər zaman yüksək qiymətləndirildiyini
xüsusi vurğulayıb.
Bildirilib ki, dövlət başçısının tələblərinə uyğun olaraq son
dövrlərdə HHQ-nin inkişafı istiqamətində mühüm addımlar atılıb və
hərbi potensialı daha da artırılıb. Silahlanmaya müasir tələblərə
cavab verən yeni aviasiya və pilotsuz uçuş aparatlarının qəbul
edilməsi, peşəkar hərbi qulluqçuların, pilotların hazırlanmasının
Ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatların bariz
nümunələrindən olduğu diqqətə çatdırılıb.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə HHQ
komandanı və şəxsi heyəti dəfələrlə Azərbaycan Respublikası
Prezidentinin müvafiq Sərəncamı ilə müxtəlif mükafat və medallara
layiq görülüb.
Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycan Ordusunda
uzunmüddətli qüsursuz xidməti, Azərbaycanın müstəqilliyi, ərazi
bütövlüyünün qorunub saxlanılmasında və hərbi xidmətdə xüsusi
xidmətinə görə general-leytenant R.Tahirova təşəkkür edib və ona
gələcək həyatında uğurlar arzulayıb.
General-leytenant R.Tahirov isə öz növbəsində xidmət etdiyi
müddət ərzində göstərilən etimada görə Ali Baş Komandana və Müdafiə
Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə edərək bundan sonra da
fəaliyyətlərində dövlətçilik ənənələrinə sadiq qalacağını
bildirib.





























