Bakı. Trend:
Ali Baş Komandanın iradəsi, Ordumuzun rəşadəti, əsgər və
zabitlərimizin canı və qanı bahasına işğaldan azad etdiyimiz
yaşayış mənqətələrimizin ürək ağrıdan görüntüsü erməni
ultramillətçiliyinin və aqressiv separatizminin, qondarma
iddialara, miflərə söykənən revanşçı düşüncənin nə qədər təhlükəli
olduğunu nümayiş etdirir.
Bunu Trend-ə
siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, irqçi Erməni Qriqoryan kilsəsinin və onun
himayəsi ilə yaradılan millətçi təşkilatların, terror qruplarının
təkcə Cənubi Qafqazda deyil, daha geniş bir coğrafiyada
törətdikləri amansız qətliamlar və 1998-ci ildən başlayaraq,
xalqımızın qarşılaşdığı məhrumiyyətlər, qənaətimə görə nəticə
çıxarmaq üçün yetərlidir.
“Torpaqlarımızın işğal altında olduğu zaman kəsiyində Azərbaycan
Prezidenti dəfələrlə Ermənistanı və himayəçilərini xəbərdar etmişdi
ki, ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına, yaxud
yurd yerlərimizin ilhaqına heç bir halda imkan verilməyəcək. Bu
xəbərdarlığın nəticəsi, indi göz önündədir və bütün baş verənlərdən
ilk növbədə Ermənistan və himayəçiləri nəticə çıxarmalıdır. Bu
baxımdan, Azərbaycan heç bir zaman Ermənistanda revanşçı meyllərin
ölkəmiz və xalqımız üçün təhlükəli həddə çatmasına, bu ölkənin
militarist, təcavüzkar siyasətinə qayıdışına imkan verməyəcək. Əgər
Ermənistana ölümcül silahların verilməsi müşahidə olunarsa, yenidən
təcavüz üçün silahlanma meylləri nəzərə çarparsa, o zaman
Azərbaycan bu potensialın qəsbkarlıq məqsədilə hərəkətə
gətirilməsini gözləməyəcək. İlk növbədə Azərbaycan Konstitusiyası
və dugər hüquqi-normativ aktları, ölkəmizin hərbi doktrinası,
beynəlxalq hüququn norma və prinsipləri də buna imkan verir”, – o
deyib.
E. Mirzəbəyli bildirib ki, beynəlxalq hüquq doktrinasında
özünümüdafiə institutunun yeni forması, yəni “önləyici
özünümüdafiə” son 30 il ərzində dəfələrlə, o cümlədən Birləşmiş
Ştatlar və müttəfiqləri tərəfindən tətbiq olunub.
“BMT Nizamnaməsi sülhə, sülhün pozulmasına və ya təcavüz aktına
cavab olaraq önləyici və ya məcburedici tədbirlərin tətbiq oluna
biləcəyini müəyyən edir.
Bu baxımdan, Ermənistan ərazisindən Azərbaycana qarşı yönələn
istənilən təhlükəyə görə, hətta bu təhlükə dövlətin birbaşa
iştirakı və təhriki ilə həyata keçirilməsə də belə, rəsmi İrəvan
məsuliyyət daşıyacaq. Beynəlxalq təcrübəyə müraciət edək:
Beynəlxalq Ədalət Məhkəməsinin “Nikaraqua ABŞ-a qarşı” işi üzrə
qərarında qeyd olunur ki, silahlı hücum təkcə nizami ordunun
hərəkətlərini əhatə etmir. Yəni, başqa dövlətin ərazisində
fəaliyyət göstərən, onun göndərdiyi muzdluların və terrorçuların
silahlı dəstələri vasitəsilə əhali arasında xeyli insan tələfatı
ilə nəticələnən terror aktları törədən, yaxud törətməyə hazırlaşan
dövlət beynəlxalq hüquq normaları çərçivəsində təcavüz aktı
törətmiş hesab olunur. Müvafiq olaraq, təsirə məruz qalan dövlət
BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququna
malikdir və düşmənin qəfil hücuma məruz qalmamaq üçün təcavüz
aktının həyata keçiriləcəyi ölkəyə qarşı qabaqlayıcı tədbirlər
həyata keçirə bilər.
Məhz bu baxımdan, Prezident İlham Əliyevin Ermənistanı
silahlandırmaqla revanşçı meyllərin güclənməsinə, təcavüzə zəmin
yaratmağa çalışan tərəflərə xəbardarlığı Azərbaycan
Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinə
söykənir. Bu o deməkdir ki, Azərbaycan Respublikası öz
vətəndaşlarının təhlükəsizliyini təmin etmək, ərazi bütövlüyünü,
suverenliyini qorumaq üçün istənilən təhlükəyə qarşı hərəkətə
keçəcək və qabaqlayıcı tədbirlər görəcək”, – deyə siyasi şərhçi
qeyd edib.





























