Advertisement

Prezident İlham Əliyevin yetişdirdiyi vətənpərvər gənclik yeni zəfərlərin təminatçısıdır

Bakı. Trend:

Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi Ümummilli
Lider Heydər Əliyevin ideyalarının mühüm tərkib hissəsini təşkil
etmiş, Ulu Öndər bu istiqaməti dövlət siyasətinin prioritet
istiqamətlərindən birinə çevirib.

Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı
Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil
Xəlilov deyib.

O bildirib ki, sevindiricidir ki, Heydər Əliyevin ideyaları,
onun qoyub getdiyi siyasi kurs Prezident İlham Əliyevin
prezidentliyi dönəmində də ölkəmizin inkişafına, onun sürətli
tərəqqisinə təkan vermiş, habelə, Azərbaycanın ən böyük dərdi
sayılan Qarabağ probleminin uğurlu həllini təmin edib.

“Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərə bağlılığı, yüksək
vətənpərvərlik eşqi özünü 44 günlük Vətən müharibəsində əzəməti ilə
büruzə vermiş, bütün dünyada böyük heyrətlə qarşılanıb.

Vətən müharibəsi ordumuzun gücü ilə yanaşı, xalqımızın
vətənprəvərlik ruhunu, torpaq, bayraq sevgisini də bütün əzəməti
ilə ortaya qoydu. Gənclərimiz döyüşmək, işğaldakı torpaqları azad
etmək üçün çağırış məntəqələri qarşısında uzun növbələr yaradır,
hər vasitə ilə bu döyüşlərdə iştirak etməyə can atırdılar. Hansı
ki, həmin vaxt minlərlə erməni gənci silahını, ona həvalə edilən
texnikanı döyüş meydanında ataraq qaçır, kütləvi şəkildə fərarilik
edirdi.

Müharibə dönəmində Ermənistanda on iki min nəfərdən çox hərbçi
döyüş mövqeyini özbaşına tərk etmiş, fərarilik etmişdir. Bunu
Ermənistanın rəsmi dövlət qurumları da etiraf edir. Azərbaycanda
isə insanlar hər vasitə ilə orduya kömək etməyə can atır,
torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə iştirak etmək üçün
əlaqədar dövlət qurumlarına ardıcıl müraciətlər edirdilər.

Xatırladım ki, Prezident İlham Əliyev dəfələrlə Azərbaycan
gəncliyinin Vətən müharibəsindəki qəhrəmanlığına diqqət çəkərək bu
qəhrəmanlığın milli-mənəvi dəyərlərə bağlılıqdan irəli gəldiyini
qeyd etmişdir”, – o deyib.

C. Xəlilov qeyd edib ki, bu gün Azərbaycan gəncliyi vətənə olan
sevgi və bağlılığı ilə bütün dünyaya nümunə olmaqla yanaşı, həm də
yeni zəfərlərimizin təminatçısıdır.

“Bu gün Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında dövlət maraqlarımızın keşiyində
ayıq-sayıq dayanmaqda, milli mənafeyimizi bacarıqla
qorumaqdadır.

Ancaq bir məqamı da vurğulamaq lazımdır ki, dövlətimizin
gənclərlə bağlı siyasətinə bütün əlaqədar qurumlar öz töhfəsini
verməli, gənc nəslin milli dəyərlər əsnasında yetişdirilməsi, milli
tarix və soykökünə bağlılığı prosesinə öz töhfəsini verməlidir. Bu
baxımdan bizim üçün qürurvericidir ki, Müharibə, Əmək və Silahlı
Qüvvələr Veteranları Təşkilatı olaraq gənclərlə mütəmadi iş aparır,
onlarla görüşlər təşkil edir, gənclərin dünyagörüşünün daha da
zənginləşməsi, onların milli maraqlarımızın müdafiəsi köklənməsi
istiqamətində ardıcıl addımlar atırıq. Bu gün təşkilatımızın
sırasında 44 günlük Vətən müharibəsində iştirak edən yüzlərlə gənc
veteran var ki, onlar Təşkilatımızın fəaliyyətində mühüm rol
oynayır. Biz gəncləşən, hər yeni üzvü ilə bir qədər də güclənən
Təşkilat olaraq “Nəsillərin görüşü” adlı silsilə görüşlər keçirir,
bu görüşlər əsnasında bir sıra məsələlərlə yanaşı, dövlətimizin
gənclər siyasətini, bu siyasətin bugünümüz və sabahımız baxımından
önəmi ilə bağlı müzakirələr aparırıq”, – deyə Xəlilov
vurğulayıb.

Sədr vurğulayıb ki, Prezidentimizin andiçmə məraisimində
gənclərlə bağlı işə, habelə vətəndaş cəmiyyəti institutunun
fəaliyyətinə verdiyi önəm bizim fəaliyyətimiz üçün ciddi mənəvi
stimula çevrilməkdə, bizi yeni layihələrə ruhlandırmaqdadır.

“Bu il gənclərlə bağlı ümumrespublika səviyyəli bir sıra
tədbirlər həyata keçirməyi planlaşdırırıq. Hansı ki, bu tədbirlər
ölkəmizin müxtəlif regionlarını əhatə edəcək, gənclər üçün
istiqamətverici rola malik olacaq.

Bütün bu deyilənləri ümumiləşdirərək deyə bilərik ki, Prezident
İlham Əliyev tərəfindən yürüdülən gənclər siyasəti və bu siyasətin
ortaya qoyduğu mövcud reallıqlar onu deməyə əsas verir ki,
dövlətimizin yetişdirdiyi vətənpərvər gənclik yeni zəfərlərin
təminatçısıdır və biz yaxın gələcəkdə gənclərimizin imza atacağı bu
zəfərlərə şahid olacağıq”,- deyə o, qeyd edib.