
Bakı. Trend:
2020-ci ildə Vətən Müharibəsindən sonra xalqımızın torpaqlarını
işğaldan azad etməsi regionların idarə olunmasının keyfiyyətcə yeni
mərhələsi ilə nəticələndi. Belə ki, artıq 30 ilə yaxın müddət
ərzində işğal altında saxlanılmış, eyni zamanda, viran qoyulmuş
Qarabağ və Şərgi Zəngəzur bölgələrində yerləşən rayonların bərpa,
yenidən qurulması istiqamətində sürətli tədbirlər görülməyə
başlandı.
Bunu Trend-ə Milli Məclisin deputatı Məzahir Əfəndiyev
deyib.
O bildirib ki, keçdiyimiz dörd ilə yaxın müddətdə işğaldan azad
olunmuş ərazilərdə ölkəmiz tərəfindən gecə-gündüz aparılan və bütün
dünyaya nümayiş etdirilən yenidənqurma, abadlaşdırma işləri
bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata
keçirilir.
“Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər
üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi
işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf
mərkəzinə çevirməkdədir.
Cənab Prezident söz verdiyi kimi, doğma Qarabağımızın cənnətə
çevrilməsi istiqamətində çox böyük əməli işlər görür.
“Azərbaycan xalqı artıq böyük qürur və fəxarət hissi ilə öz
doğma torpaqlarına qayıdır. Keçdiyimiz günlərdə, 10-11 may 2024-cü
il tarixlərində Prezident İlham Əliyev və Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə növbəti
səfərləri bu torpaqlarda yenidənqurma, tikinti işlərinin diqqət
mərkəzində olduğunun, həmçinin, Azərbaycanın regionda sülhün,
əmin-amanlığın təmin olunmasında ortaya qoyduğu qətiyyətinin
göstəricisidir.
Səfər çərçivəsində inşası davam edən yeni infrastruktur
layihələri ilə tanışlıq, xüsusilə Şuşa şəhərinin
abadlaşdırılmasının sürətlə davam etdirilməsi, artıq 32 ildir ki,
didərgin düşmüş sakinlərin doğma şəhərlərinə qayıdışı Qarabağımızın
nəinki Azərbaycanın, eyni zamanda dünyanın ən gözəl guşələrindən
birinə çevrilməsi istiqamətində atılmış növbəti addım idi.
Əyilməz ruhumuzun rəmzi olan Şuşa şəhəri öz şərəfli inkişaf
dövrünü yaşamaqdadır. Bu inkişaf Qarabağ və Şərqi Zəngəzur iqtisadi
zonaları ilə yanaşı, bütövlükdə Azərbaycanın davamlı inkişafının
təmin olunmasına, Cənubi Qafqazda sülhün əbədi olaraq qalmasına öz
faydasını verəcəkdir”, – deyə deputat əlavə edib.
Deputat əlavə edib ki, bu gün heç bir qüvvə yumruq kimi birləşən
Azərbaycan xalqının qarşısında dura bilməz. “Azərbaycanın
formalaşmaqda olan yeni nəsli Prezident İlham Əliyev və
Azərbaycanın qəhrəman övladlarının ərazi bütövlüyü,
suverenliyimizin bərpası uğrunda gördüyü işləri daim qoruyacaq,
Şuşanı həm ölkəmizin, həm də İslam dünyasının mədəniyyət paytaxtı
olaraq bütün xalqların sülh məkanına, burada keçiriləcək daha böyük
qlobal tədbirlərlə isə hər bir insanın qürur və sevinc mənbəyinə
çevirəcəkdir”, – deyə deputat əlavə edib.





























