Advertisement

ATƏT Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasını dəstəkləyir

Bakı. Trend:

ATƏT Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası
prosesini alqışlayır və danışıqların konstruktiv şəraitdə
keçməsinin tərəfdarıdır.

Trend xəbər verir ki, bu barədə təşkilatın hazırkı sədri,
Maltanın xarici işlər naziri Yan Borq İrəvanda keçirdiyi mətbuat
konfransında bildirib.

“Biz Ermənistanla Azərbaycan arasında delimitasiya prosesini
dəstəkləyirik. Danışıqlar prosesi etimad şəraitində, bərabər əsasda
keçməlidir. Onilliklər boyu davam edən və iztirablara səbəb olan
münaqişəyə son qoyula bilər”, – deyə Yan Borq vurğulayıb.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan Respublikası və
Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası
Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası
Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan
Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası
ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın səkkizinci görüşündə anklav və eksklav məsələləri üzrə
delimitasiya prosesini davam etdirmək barədə razılıq əldə
olunub.