Advertisement

Sahibə Qafarova Asiya Qadınlar Forumunda COP29 barədə danışıb

Bakı. Trend:

Qadınlar cəmiyyətimizi ayaqda tutan əsas dəyərlərin
formalaşmasında olduqca mühüm rol oynayırlar. Qadınlarımızın
ölkəmizin siyasi, iqtisadi, sosial, mədəni həyatına verdikləri
böyük töhfələr Azərbaycanda qadın hüquqlarına yanaşmanı əks
etdirir.

Parlamentdən Trend-ə verilən məlumata görə, bunu Milli Məclisin
sədri Sahibə Qafarova Özbəkistan Respublikasının Səmərqənd
şəhərində keçirilən Asiya Qadınlar Forumunda çıxışı zamanı
Azərbaycanda qadınların hüquqlarının müdafiəsi və genişləndirilməsi
ilə bağlı həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər
barədə məlumat verərkən səsləndirib.

Ölkəmizin bu sahədəki qlobal təşəbbüslərindən də danışan Milli
Məclisin sədri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatında Qadınlar
Platformasının yaradılması təşəbbüsü ilə çıxış etdiyini toplantı
iştirakçılarının diqqətinə çatdırıb. O, qeyd edib ki, bu təşəbbüsün
reallaşması qadınların hüquqlarının inkişaf etdirilməsi üçün daha
bir vacib çoxtərəfli mexanizm olacaq.

Azərbaycan həm də qadın hüquqlarının müxtəlif aspektləri üzrə
müzakirələrin aparılması üçün mühüm məkana çevrilib. Ötən ilin
noyabrında keçirilmiş Qoşulmama Hərəkatının “Qadın Hüquqlarının
İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” üzrə Konfransı, bu
il mayın əvvəlində təşkil olunmuş 6-cı Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun qadın problemlərinin mədəniyyətlərarası
perspektivlərinə həsr olunmuş ayrıca sessiyası səmərəli fəaliyyət
və geniş müzakirələr üçün mühüm platforma olmuşdur.

Çıxışında Azərbaycanın öz torpaqlarını erməni işğalından azad
etdikdən sonra həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa
işləri haqqında danışan spiker Sahibə Qafarova deyib ki, keçmiş
məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. “Böyük
qayıdış”la bağlı ilk Dövlət Proqramının prioritet istiqamətlərindən
biri də qadınlarımıza bu ərazilərdə iş imkanları verməkdir. Dövlət
tərəfindən dəstəklənən proqram və təşəbbüslərin həyata keçirilməsi
artıq uğurlu nəticələr verməyə başlayıb.

Milli Məclisin sədri Sahibə Qafarova, həmçinin bu il
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər
Konfransının iyirmi doqquzuncu sessiyasına – COP29-a evsahibliyi
edəcəyini xatırladaraq, bildirib ki, belə mötəbər bir beynəlxalq
tədbirə evsahibliyi etmək ölkəmiz üçün qürurvericidir. Azərbaycanın
COP29 üçün hazırlıq işlərini yüksək səviyyədə həyata keçirdiyini
deyən parlamentin spikeri qeyd edib ki, tədbirin Təşkilat
Komitəsində qadınların effektiv iştirakının təmin edilməsi
Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizə məsələlərinə
qadınların cəlb olunması ilə bağlı qətiyyətini göstərir.