Bakı. Trend:
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla
sərhədlərin delimitasiya prosesinə etiraz edən erməni diplomatları
fərari adlandırıb.
Trend xəbər
verir ki, Mirzoyan bu barədə ATƏT-in fəaliyyətdə olan sədri,
Maltanın xarici işlər naziri Yan Borqla birgə mətbuat konfransında
deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan-Ermənistan sərhədlərin
delimitasiya prosesinə etiraz edən “təcrübəli diplomatlar” vaxtilə
öz vəzifələrini tərk edən fərarilərdir.
“Bu şəxslər Almatı Bəyannaməsini və ona əsaslanan sülh prosesini
hədəf almaqla, Ermənistan Respublikasının suverenliyini,
dövlətçiliyini və ərazi bütövlüyünü hədəf alırlar. Onlar bunu ən
yaxşı halda dərk etmədən, ən pis halda isə başqa bir dövlətin
birbaşa sifarişi ilə edirlər”, – deyə o əlavə edib.
Qeyd edək ki, Ermənistanda Azərbaycanla sərhədlərin
delimitasiyası prosesinə etiraz edənlərin nümayişi davam edir. Bu
gün səhər saatlarına olan məlumata görə, İrəvanda saxlanılan
nümayişçilərin sayı 151-ə çatıb.
Etirazçıların əsas qüvvəsi isə revanşist kütlədən təşkil olunub.
Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin
quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin
Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə əngəl olmağa
cəhd edirlər.





























