Bakı. Trend:
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin
reallıqlarından biri də “Xarıbülbül” musiqi festivalı ənənəsinin
bərpasıdır. Möhtəşəm mədəniyyət hadisəsinə çevrilən bu festivalın
özündə ehtiva etdiyi məqamlardan bəhs etmədən öncə Qarabağın tacı,
Azərbaycanın döyünən ürəyi Şuşanın dirçəlməsindən, çal-çağırlı
günlərinin bərpasından, iqtisadi, siyasi, humanitar və diplomatik
mərkəzə çevrilməsindən danışmaq istərdim. Mayın 11-də Heydər Əliyev
Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşanın
Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və
“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin
açılışının iştirakçılarından biri kimi böyük qürur hissi ilə qeyd
edə bilərəm ki, Şuşa sözün əsl mənasında dirçəlib. Bu il festivalın
məkanının genişlənərək Laçını da əhatə etməsi hər birimizdə böyük
qürur hissi yaratdı. Xüsusi vurğulamalıyam ki, Heydər Əliyev
Fondunun və Mədəniyyət Nazirliyinin yüksək təşkilatçılığı ilə
ərsəyə gələn builki festival böyük maraq və rəğbətlə qarşılandı.
Hər kəs şahid oldu ki, həm Heydər Əliyev Fondu, həm də Mədəniyyət
Nazirliyi “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının Şuşanın və
Laçının adına layiq və nümunəvi təşkili üçün yüksək peşəkarlıq
göstərdilər. Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin
iştirak etdikləri bu dostluq və musiqi bayramı qədim tarixə malik
mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə
yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və
əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası
dialoqun möhkəmləndirilməsinə töhfə verir.
Azərbaycan daim yerləşdiyi coğrafi məkana görə müxtəlif
mədəniyyətlər, dinlər arasında körpü rolunu oynayır. Atılan hər bir
addım, ölkəmizin əməkdaşlıq, birlik, həmrəylik cağırışlarının əməli
fəaliyyətdə öz təsdiqini tapması bu körpünü daha da möhkəmləndirir.
Təqdirə layiq haldır ki, builki “Xarıbülbül” Beynəlxalq Musiqi
Festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri,
İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan,
Türkiyə musiqiçiləri də öz məharətlərini göstərdilər. Həmçinin bu
reallığı da xüsusi qeyd etməliyəm ki, Şuşa şəhəri 2024-cü il üçün
İslam dünyasının mədəniyyət paytaxtı elan olunub və builki musiqi
festivalı bu mühüm hadisəyə həsr edilmişdi. Dövlət başçısı İlham
Əliyevin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi,
Azərbaycan birinci dəfə deyil ki bu şərəfli ada layiq görülür.
2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhəri də İslam
dünyasının mədəniyyət paytaxtı elan edilmişdilər. Bu, Azərbaycanın
İslam dünyasının birliyinin, həmrəyliyinin gücləndirilməsinə
davamlı töhfələrinin nəticəsidir. Prezident İlham Əliyev bu qərara
görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv ölkələrə
təşəkkürünü bildirərək bu addımı İslam dünyasının Azərbaycana
növbəti dəstəyi, hörməti kimi dəyərləndirdi.
Bu fikirləri Trend-ə “İki
sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor
Vüqar Rəhimzadə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham
Əliyev 2020-ci il 8 noyabr tarixində Şuşanın işğaldan azad edilməsi
müjdəsini xalqa çatdırarkən bildirmişdir ki, əziz Şuşa, biz
qayıtdıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Bu gün Şuşanın öz
əvvəlki simasını bərpa etməsindən qürurla söhbət açırıq. İşğaldan
azad edilmiş digər torpaqlarımız kimi, Şuşa da müasir şəhərsalma
qaydalarına uyğun olaraq bərpa edilir. İlk olaraq burada
infrastrukturun bərpasına və yenidən qurulmasına diqqət yetirildi.
Füzulidən Şuşaya Zəfər yolu çəkildi. Prezident İlham Əliyev mayın
10-da Füzuli və Laçın rayonlarına, Şuşa şəhərinə səfəri
çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan
işlərlə tanış oldu, bu yolda inşa edilmiş birinci tunelin
açılışında iştirak etdi. Bu avtomobil yolu başlanğıcını
Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil
yolundan götürməklə, işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı
və Şuşa rayonlarını birləşdirir. Səfər zamanı, həmçinin
Xankəndi-Şuşa-Laçın avtomobil yolunda da görülən işlərlə tanışlıq
oldu. Bir daha sübut olundu ki, görülən hər bir iş tarixi sahibinə
qovuşan torpaqlarımızın dirçəlməsinə, Qarabağın və Şərqi Zəngəzurun
cənnət məkana çevrilməsinə, soydaşlarımızın doğma yurd-yuvalarına
qayıdışına xidmət edir. Dövlət başçısı İlham Əliyevin və birinci
xanım Mehriban Əliyevanın mədəniyyət paytaxtımıza səfəri zamanı
Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atıldı.
Birinci yaşayış kompleksinin açılışı oldu və Şuşa şəhərinə köçmüş
ilk sakinlərlə görüş keçirildi. Bəli, görünən odur ki, Şuşa
gündən-günə sözün əsl mənasında, dirçəlir, gözəlləşir, özünün
tarixi ruhunu bərpa edir. Hazırda İslam mədəniyyətnin paytaxtında
dörd məscid yenidən qurulub, digər məscidlərdə isə təmir-bərpa
işləri aparılır.
Baş redaktor bildirib ki, Prezident İlham Əliyevin bu məkandan
bir daha səsləndirdiyi “Biz gəlmişik burada əbədi yaşamağa və
bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq”
çağırışı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj
olmalıdır. Artıq Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda
işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Şuşada
ölçüyəgəlməz bərpa-quruculuq işləri həyata keçirilib və bu proses
uğurla davam edir. Eyni zamanda, Azərbaycan regionda sülhün,
təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh təklifi
edilib. Ölkəmizin hər bir addımı ədalətə və beynəlxalq hüquqa
söykənir. Prezident İlham Əliyevin VII “Xarıbülbül” Beynəlxalq
Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı
2024” ilinin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, biz
28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı
bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və
saxlayacaqlar. Azərbaycan xalqının əyilməz ruhunu nümayiş etdirən
bu məkan həm işğala qədər, həm işğal dövründə, həm də işğala son
qoyulandan sonra hər birimiz üçün doğma və əzizdir.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin
festivalın açılışındakı çıxışı hər birimizi qürurlandıracaq
çağırışlarla zəngin oldu. Şuşanı sülhün, zəfərin, qəhrəmanlığın
rəmzi kimi dəyərləndirən möhtərəm Prezidentimiz bildirdi ki,
ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni
tədbirlər keçirilir. Şuşa şəhərinin İslam dünyasının mədəniyyət
paytaxtı olması mədəniyyətimizi həm müsəlman ölkələrinə, həm də
dünya ictimaiyyətinə çatdırmaq üçün əlavə imkanlar açacaq. Şuşanın
İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinə həsr edilən
“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı birlik, həmrəylik
bayramına çevrildi. Belə bir əminlik də ifadə olundu ki, bundan
sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Bütün Azərbaycan
xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha
top səsləri eşidilməsin. Qoy, bundan sonra buradan ancaq musiqi
sədaları səslənsin.
Baş redaktor bildirib ki, açılış mərasimindəki çıxışında
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik də bu məqama
xüsusi diqqət yönəltdi ki, Şuşa 30 il ərzində Vətənin gözündən uzaq
qalsa da, Azərbaycan xalqının övladlarının qəlblərində qorunub
saxlanılırdı. Şuşa öz övladlarının sevgisinin və fədakarlığının
miqyasını ölçürdü. Şuşa övladlarının ona qayıtmaq üçün çəkdikləri
həsrətin səmimiliyinə əmin idi. Xalq dürüstlük, etibarlılıq
sınağından uğurla keçərək Qafqaz şəhərlərinin incisini Azərbaycana
qaytardı, özü də müzəffər şəkildə qaytardı. Salim bin Məhəmməd
əl-Malik arzusunu da ifadə etdi: Qoy, həmişə qələbə və
nailiyyətimizi bayram edək. Qarabağ Azərbaycandır!
Vüqar Rəhimzadə mədəniyyət paytaxtımız Şuşanın ötən il türk
dünyasının, bu il İslam dünyasının paytaxtı elan edilməsini
ölkəmizin xarici siyasətində türk dövlətləri və müsəlman ölkələri
ilə əməkdaşlığa xüsusi önəm verməsinin və bu istiqamətdə qazanılan
uğurların yüksək dəyərləndirilməsinin ifadəsi kimi diqqətə
çatdırıb. Onu da bildirib ki, Şuşa nəinki Azərbaycanda, bütövlükdə
Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət
ocağı kimi tanınır. Şuşanın ev sahibliyi etdiyi beynəlxalq
əhəmiyyətli tədbirlər Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın
zəngin tarixinin təbliğində əhəmiyyətli rol oynayır.





























