
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də
ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici,
Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib. Görüş zamanı Prezident İlham Əliyev
bir sıra vacib məqama toxundu. Xüsusilə ATƏT-in Minsk qrupunun
mövcudluğunun heç bir əhəmiyyətinin olmadığı vurğulandı.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.
Onun sözlərinə görə, Minsk Qrupu 1992-ci ildə Qarabağ
münaqişəsinin sülh yolu ilə həllinə kömək etmək məqsədilə
yaradılmışdı. Minsk Qrupu tərəfləri münaqişənin davam etməsinə son
qoymaq, ərazi bütövlüyünü qorumaq və iqtisadi işbirliyini təşviq
etmək məqsədilə çox tərəfli sülh planı hazırlamalı idi. Faktiki
olaraq Mnisk Qrupu bu illər ərzində fəaliyyətsiz qaldı.
“Azərbaycan münaqişəni öz həbri-siyasi gücü hesabına beynəlxalq
hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq həll
etdikdən sonra isə,Ş Minsk Qrupunun və eləcə də onunla əlaqəli
təsisatların mövcudluğuna heç bir ehtiyac qalmayıb.
Minsk Qrupunun ləğv edilməli olduğuna dair məqamlar
dəyərləndirilməlidir. ATƏT Minsk Qrupu ilə bağlı ən aktual
məsələlərdən biri, münaqişənin sülh yolu ilə həllinə necə nail
olunacağı müəyyənləşdirmək idi. Minsk qrupu bu məqsədinə çatmaq
üçün heç bir əməli addım atmadı.
Təsisat Azərbaycan və Ermənistanın maraqlarını diqqətə almaq,
həm də Qarabağ münaqişəsindən əziyyət çəkən insanların hüquqlarını
qorumaq üçün əhəmiyyətli addımlar atmalı idi”, – o deyib.
Politoloq qeyd edib ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi
tarixdə qalıb. Faktiki olaraq Misnk Qrupu da tarixdə qalıb:
“Təşkilatın kağız üzərində mövcud olması isə formal xarakter
daşıyır. Azərbaycan və Ermənistan arasında vasitəçisiz danışıqların
aparılması daha effektiv nəticələr verir. İki ölkə arasında
münasibətlərin normallaşması üçün vasitəçiyə ehtiyac duyulmur.
Çünki bir çox hallarda vasitəçilərin öz maraqlarını güddüklərini
görürük. Bu da məsələlərin həllinə heç bir töhfə vermir”.
A.Qarayev əlavə edib ki, bütün bu sadalanan məqamlar, Minsk
Qrupunun gələcək mövcudluğu, sülh prosesindəki rolu və münaqişənin
həllinə dair əhəmiyyətini dəyərləndirmək üçün önəmli
kriteriyalardır.
“Artıq baş verən hadisələr, hazırki reallıqlar, Minsk qrupunun
effektsizliyini ortaya qoyub. Bu təşkilatın mövcudluğuna heç bir
ehtiyac qalmayıb”, – deyə o vurğulayıb.





























