Advertisement

Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Prezidenti ilə görüşüb

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Respublikasının
Prezidenti Tarman Şanmuqaratnam ilə görüşüb.

Trend xəbər verir ki, Milli Məclisin sədri Azərbaycan Prezidenti
İlham Əliyevin salamlarını Sinqapurun dövlət başçısına
çatdırıb.

Sinqapur Prezidenti Tarman Şanmuqaratnam minnətdarlığını
bildirərək, onun da salamlarını Azərbaycanın dövlət başçısına
çatdırmağı xahiş edib.
Prezident Tarman Şanmuqaratnam bu il ölkələrimiz arasında
diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam
olduğunu xatırladaraq, Azərbaycanla Sinqapur arasında isti
münasibətlərin mövcud olduğunu söyləyib. O, bir sıra sahələrdə
uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edib. Əldə olunan
müsbət nəticələrin əlaqələri daha da inkişaf etdirmək üçün səyləri
birləşdirməyə stimul verdiyi vurğulanıb.

Görüşdə siyasi təmasların, qarşılıqlı səfərlərin və görüşlərin
ikitərəfli münasibətlərin inkişafında müstəsna rolu qeyd edilib.
Həmçinin iqtisadi əlaqələrin ölkələr arasında ikitərəfli
münasibətlərin əsas komponentlərindən biri olduğu vurğulanıb,
ticari-iqtisadi əlaqələrin hazırki səviyyəsinin daha geniş
əməkdaşlıq üçün yaxşı əsas yaratdığı bildirilib.

Söhbət zamanı parlamentlərin qarşılıqlı fəaliyyətinin
ölkələrimiz arasında münasibətlərin daha da dərinləşdirilməsində
vacib rolu diqqətə çatdırılıb. Bu sahədə müntəzəm təmasların,
dialoq və fikir mübadiləsinin əhəmiyyəti qeyd edilib. Spiker bu
səfərin Azərbaycan Milli Məclisi sədrinin Sinqapura ilk səfəri
olduğunu diqqətə çatdıraraq, səfər çərçivəsində keçirdiyi görüşlər
haqqında məlumat verib və bu görüşlərin, aparılan müzakirələrin
münasibətlərimizin inkişafına müsbət töhfələr verəcəyinə inamını
ifadə edib.

Görüşdə parlamentlərarası əlaqələr çərçivəsində beynəlxalq
parlament təşkilatlarında da əməkdaşlıq məsələləri nəzərdən
keçirilib. Həm Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə
yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, həm də ASEAN
Parlamentlərarası Assambleyasının əməkdaşlıq baxımından yaxşı
platformalar olduğu vurğulanıb.

Milli Məclisin sədri Sahibə Qafarova hazırda regionda mövcud
olan vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh danışıqları
barədə də məlumat verib.

Söhbət zamanı bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin
İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyası – COP29 haqqında da söhbət açılıb. Sinqapur Prezidenti
ölkəsinin bu tədbirdə güclü şəkildə təmsil olunacağını
bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da
fikir mübadiləsi aparılıb.