
Bakı. Trend:
Cari il mayın 14-dən başlayaraq Rusiya Federasiyasının
Tatarıstan Respublikasının Kazan şəhərində «Rusiya-İslam dünyası:
KazanForum 2024» XV Beynəlxalq İqtisadi Forumu keçirilir.
Baş Prokurorluqdan Trend-ə
verilən məlumata görə, forumda Azərbaycan Respublikası Baş
prokurorunun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi Baş
Prokurorluğun idarə rəisinin müavini – şöbə rəisi Anar Nəsibov və
idarə prokuroru Murad Bayramlıdan ibarət nümayəndə heyəti iştirak
edib.
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm
Minnixanov, Rusiya, Qazaxıstan, Səudiyyə Ərəbistanı Krallığının Baş
prokurorlarının müavinləri və digər mötəbər qonaqların iştirak
etdiyi forumun “İqtisadi təhlükəsizliyin təminatları və İslam
dünyası ilə işgüzar kommunikasiyaların genişləndirilməsi şəraitində
təhlükələrin qarşısının alınması” mövzusunda sessiyasında Baş
prokurorun müavini Heydər Məmmədov çıxış edib.
Baş prokurorun müavini Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin sahibkarların hüquqlarının qorunması və
əlverişli investisiya mühitinin yaradılması istiqamətində aparılan
hüquqi islahatların müsbət nəticələri barədə tədbir iştirakçılarına
ətraflı məlumat verib.
Həmçinin, iqtisadi təhdidlərin qarşısının alınması və korrupsiya
ilə mübarizə sahəsində prokurorluğun struktur qurumlarının rolundan
bəhs edən Heydər Məmmədov görülən tədbirlərin sahibkarlığın
inkişafına müsbət təsir göstərdiyini xüsusilə vurğulayıb.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın
ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu bildirən Baş
prokurorun müavini, dövlət başçısı və ölkəmizin Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə
Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparılması,
investisiyaların cəlb edilməsi üçün yaradılan şərait və “yaşıl
enerji” zonalarının yaradılması barədə danışıb.
Səfər çərçivəsində Rusiya Federasiyası Baş prokurorunun müavini
Pyotr Qorodovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də
Qazaxıstan və Səudiyyə Ərəbistanı Krallığının Baş
Prokurorluqlarının heyətləri ilə ikitərəfli görüşlər keçirilib.
Görüşlər zamanı dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən
biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə
keçiriləcəyi barədə həmkarlara məlumat verilib.
Həmçinin, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi,
onların hüquq və azadlıqlarının qorunması, habelə qarşılıqlı maraq
doğuran digər məsələlərə dair faydalı fikir mübadiləsi
aparılıb.





























