
Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva Rusiya Federasiyasının Tatarıstan
Respublikasında “Rusiya-İslam dünyası: KazanForum” 2024 XV
Beynəlxalq İqtisadi Forumunda iştirak edib.
Trend xəbər verir ki, forumda “Azərbaycan Respublikasında
qadınların səlahiyyətlərinin artırılması” mövzusunda çıxışı zamanı
Müvəkkil Azərbaycanda qadınların cəmiyyətdəki rolundan, onların
ölkənin ictimai-siyasi həyatında iştirakının əhəmiyyətindən bəhs
edib.
Qadınların hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin
edilməsində ombudsman və milli insan hüquqları təsisatlarının mühüm
rol oynadığını qeyd edən S.Əliyeva müvafiq sahədə həyata keçirdiyi
fəaliyyəti barədə məlumat verib, Aparat tərəfindən qadınlar
arasında hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində
hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirildiyini qeyd edib.
Eləcə də təsisat tərəfindən “Genderə giriş” mühazirələr toplusunun,
çap vasitələrinin və müvafiq mövzuda məqalələrin hazırlandığı
bildirilib.
Eyni zamanda, Ombudsman tərəfindən mövcud qanunvericilik
aktlarına əlavə və dəyişikliklərin edilməsi, eləcə də yeni qanun
layihələrinin qəbul olunması ilə bağlı tövsiyələrin hazırlandığı
diqqətə çatdırılıb.
Müvəkkil ölkəmizdə qadınların hüquq və azadlıqlarının təmini
məsələlərinə, gender bərabərliyinə nail olunmasına xüsusi diqqət
yetirildiyini söyləyib, qadın hüquqlarının müdafiəsi baxımından
milli qanunvericilikdə mühüm əhəmiyyətə malik islahatların həyata
keçirildiyini qeyd edib.
Ombudsman qadınların ölkə həyatının bütün sahələrinə fəal cəlb
olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində
gender siyasətinin inkişafında irəliləyişlərin əldə olunduğunu
bildirib.
Müvəkkil qadınların təhsil almaq hüququnun təmini, qadın
sahibkarlığının inkişaf etdirilməsi istiqamətində əldə edilmiş
müsbət təcrübələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Səfər çərçivəsində Ombudsman Səbinə Əliyeva Tatarıstan
Respublikası Dövlət Şurasının “Mərhəmət” qadın deputatları
assosiasiyasının rəhbəri Alsu Nəbiyeva və bir qrup qadın deputatla
görüşüb.
Görüş zamanı Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi
istiqamətində həyata keçirdiyi fəaliyyətindən danışıb, beynəlxalq
əməkdaşlığa mühüm əhəmiyyət verildiyini, o cümlədən xarici
ölkələrin ombudsman və milli insan hüquqları təsisatları ilə sıx
əlaqələrin mövcud olduğunu qeyd edib.
Tatarıstanın Ombudsmanı ilə əməkdaşlıq əlaqələrindən bəhs edən
S.Əliyeva təsisatlar arasındakı mövcud münasibətləri yüksək
qiymətləndirib. Görüşdə, həmçinin insan hüquq və azadlıqlarının
təmini və bir sıra digər istiqamətlərdə gələcək əməkdaşlıq
perspektivləri müzakirə olunub.
Daha sonra Ombudsman “Tatarıstan Respublikasının Azərbaycan
Milli-Mədəniyyəti Muxtariyyəti” regional ictimai təşkilatında görüş
keçirib. Görüş zamanı Müvəkkilə təşkilatın fəaliyyət istiqamətləri
barədə məlumat verilib, müxtəlif xalqların ənənələrinin, dillərinin
qorunub saxlanılması üçün tədbirlərin görüldüyü diqqətə çatdırılıb,
məktəblilər üçün “Dostluq dərsləri”nin tədris olunduğu qeyd edilib,
eyni zamanda, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir
mübadiləsi aparılıb.





























