Advertisement

Fransa başqalarını əsassız ittiham etmək əvəzinə öz qaranlıq tarixinə baxmalıdır – ŞƏRH

Bakı. Trend:

Fransanın daxili işlər naziri Jerar Darmanin 16 may 2024-cü il
tarixində “France-2” telekanalına müsahibəsində ölkəmizə qarşı,
eləcə də, Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri
arasında iddia edilən münasibətlərə dair növbəti əsassız fikirləri
səsləndirib. Fransa yenə də öz müstəmləkəçilik siyasətini görməzdən
gələrək başqalarına böhtan atmağa çalışıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı
Sevinc Hüseynova bildirib ki, Fransa başqalarına
qarşı əsassız ittihamlar irəli sürmək əvəzinə öz qaranlıq tarixinə
baxmalıdır.

“Heç şübhəsiz, dünya ictimaiyyəti Fransanın müstəmləkə
siyasətini, bunun nəticəsində soyqırımları, etnik təmizləmələr
aparmasını unutmayıb. Fransanın Əlcəzairdə törətmiş olduğu
soyqırımı aktı bunun bariz nümunəsidir. Bu mənada, Fransa kimi
ölkənin ədalətli davranması qeyri-mümkündür”, – deyə deputat
bildirib.

O qeyd edib ki, bu gün Yeni Kaledoniyanın müstəqillik uğrunda
apardığı mübarizə ilə bağlı Azərbaycanı günahlandırmaq heç bir
məntiqə sığmır və qərəzli siyasətin növbəti təzahürüdür.

“Yeni Kaledoniya 50 ildən artıqdır ki, azadlıq mübarizəsi
aparır. Bu mübarizə uzun illərdir davam edən Fransanın kolonial
siyasətinə qarşı yönəlib. İndi bunu Azərbaycanın üzərinə yıxmaq
Fransanın həm də acizliyinin göstəricisidir. Özünü sözdə demokratik
ölkə adlandıran Fransa uzun illərdir ki, digər xalqların
hüquqlarını kobud şəkildə pozur və bu gün başqalarına böhtan
atmaqla pərdələnməyə çalışır.

Biz hər zaman Fransanın Azərbaycana qarşı qərəzli və riyakar
siyasətinin şahidi olmuşuq. İstər 30 illik erməni işğalı dövründə,
istər vətən müharibəsi, istərsə də sonrakı dövrdə Fransa
Azərbaycana qarşı qərəzli siyasət aparıb. 44 günlük Vətən
müharibəsində Azərbaycanın tarixi Zəfərindən sonra Fransanın
ölkəmizə qarşı siyasəti daha da aqressivləşib. Fransanın daxili
işlər nazirinin bu əsassız ittihamları da məhz bu aqressiyadan
qaynaqlanır”, – deyə deputat əlavə edib.

Milli Məclisin deputat Müşfiq Cəfərov isə
Trend-ə açıqlamasında bildirib ki, Fransa yeganə ölkədir ki,
dənizaşırı departamenti adı altında keçmiş müstəmləkə ərazilərinə
nəzarəti saxlayır və həmin yerlərdə müstəmləkəçilik siyasətini
davam etdirir.

“Bunun nəticəsidir ki, dənizaşırı ərazilərdən olan Yeni
Kaledoniyada gərginlik pik həddə çatıb. Dəfələrlə polislə
etirazçılar arasında toqquşmalar yaşanıb. Bu toqquşmalar zamanı
hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı
zorakılıq tətbiq edirlər. Polislə nümayişçilər arasında olan
toqquşmalar zamanı yaralananlar da var.

Adada bir müddətdir davam edən etiraz aksiyaları son günlər
şiddətli toqquşmalara çevrilib. Kanak xalqına ikili standartlar
tətbiq edən, assimilyasiya siyasəti yeridən Parisin bu yanaşmasına
dünya susur”, – deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan Fransadan fərqli olaraq, separatizmə
yox, xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət edir.

“Təsadüfi deyil ki, Azərbaycan Prezidenti də çıxışı zamanı
“Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız
müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin,
Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama
Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı
müstəmləkə cinayətlərinə, eləcə də, soyqırımı aktlarına görə üzr
istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq” demişdi.

Fransa illərdir onsuz da adada keçirilən referendumlara müdaxilə
edir, səsverməni saxtalaşdırır. Son addım isə gələcəkdə adanın
Fransadan ayrılması üçün keçiriləcək ehtimal referendumların
nəticəsinə təsir etmək məqsədi daşıyır.

Fransa bir vaxtlar Əlcəzair xalqının azadlıq hərəkatına etdiyi
müdaxiləni, törətdiyi soyqırımının bənzərini Yeni Kaledoniyada
kanaklara qarşı etməyə çalışır. Keçmişi qətliamlarla zəngin olan
Paris, görünür, növbəti soyqırıma imza atmaq niyyətindədir. Hesab
edirəm, ki, beynəlxalq təşkilatlar Kaledoniya xalqına qarşı zülmə,
assimilyasiya siyasətinə qarşı çıxmalı, rəsmi şəkildə etirazlarını
bildirməlidir”, – deyə o əlavə edib.