
Bakı. Trend:
“Möhkəm təməllərə söykənən Azərbaycanla Belarus arasında olan
münasibətlər dostluq və etibarlı tərəfdaşlıq prinsipləri üzərində
bərqərar olub. Demək olar ki, bütün sahələrdə, o cümlədən siyasi,
iqtisadi, elm, təhsil, mədəni və digər sahələrdə qarşılıqlı faydalı
əməkdaşlıq daim yüksələn xətlə inkişaf edib. Həmçinin qarşılıqlı
anlaşma, yüksək səviyyəli dialoq və səmimi dostluq ölkələrimiz
arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.
Həqiqətən də, bu gün Azərbaycanla Belarus bir-birinə güvənən,
beynəlxalq arenada qarşılıqlı dəstək göstərən dost ölkələrdir.
Dövlətimizin başçısı cənab İlham Əliyev və Belarus Prezidenti cənab
Aleksandr Lukaşenkonun iki ölkə arasında əlaqələrin inkişafına
xüsusi önəm verməsi, sözsüz ki, münasibətlərin bu mərhələyə
qalxmasında əhəmiyyətli rola malik olub. Hər iki lider arasındakı
səmimi dostluğu da qeyd etmək istərdim ki, məhz bu da
əlaqələrimizin inkişafına geniş zəmin yaradıb”.
Bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, ölkələrimiz arasında mövcud əməkdaşlığı
tənzimləyən xeyli sayda sənədlər imzalanıb: “Habelə əlaqələrimizin
möhkəmlənməsi istiqamətində məhsuldar iş aparan Azərbaycan
Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi
əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın da fəaliyyəti
xüsusi qeyd olunmalıdır. Ticari-iqtisadi əlaqələrdə hər zaman
müsbət dinamika olub. Ölkəmizdən Belarusa spirtli və spirtsiz
içkilər, meyvə və giləmeyvə konservləri, təzə meyvə-tərəvəz, qoz,
fındıq, meyvə şirələri, polimer xammalı və digər mallar ixrac
olunur. Belarusdan isə Azərbaycana kənd təsərrüfatı texnika və
avadanlıqları, meşə sənayesi məhsulları, transformatorlar, elektrik
naqillər, dərmanlar, kənd təsərrüfatı məhsulları idxal edilir.
Hökumətlərarası Komissiyanın davamlı olaraq keçirilən iclasları,
aparılan faydalı fikir və təcrübə mübadilələri əməkdaşlığın
genişlənməsinə təkan verir”.
Dost və qardaş Belarusun lideri Aleksandr Lukaşenkonun ölkəmizə
budəfəki dövlət səfərinin əməkdaşlıqda yeni səhifələr açacağına
əminliyini ifadə edən Səttar Möhbalıyev qeyd edib ki, səfər
çərçivəsində ali səviyyədə aparılan müzakirələr, bir çox yeni
sahələr üzrə imzalanan əhəmiyyətli sənədlər gələcək əlaqələrimizin
perspektivlərinin müəyyən olunması baxımından xeyli önəmlidir. O
həmçinin bildirib ki, Bakı-Minsk, Gəncə-Qomel, eləcə də
Qəbələ-Qrodno şəhərlərinin qardaşlaşmasına dair müvafiq
memorandumların imzalanması həmin şəhərlər arasında birbaşa
əlaqələrin qurulmasına, ölkələrimizin regionlararası əməkdaşlığının
inkişafına gətirib çıxaracaq.
“Dövlət başçılarının geniş tərkibdə görüşü zamanı cənab
Aleksandr Lukaşenkonun Ümummilli Liderimiz Heydər Əliyevi
xatırlaması, 44 günlük Vətən müharibəsini azadlıq müharibəsi kimi
dəyərləndirməsi, Qələbəmizi, Qarabağın dirçəldilməsini təqdir
etməsi, həqiqətən də, bizi çox fərəhləndirdi. Ümumiyyətlə, uzun
illər davam etmiş Qarabağ münaqişəsi dostlarımızı
müəyyənləşdirməkdə bizə çox kömək edib. Münaqişə zamanında, lap
əvvəldən Belarus, şəxsən cənab Aleksandr Lukaşenko ədalətli mövqe
sərgiləyib, Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə
dəstəkləyib. Dost ölkənin işğaldan azad olunmuş ərazilərimizdə
aparılan tikinti-quruculuq işinə öz köməyini təklif etməsi bu
ədalətli siyasətin bilavasitə davamıdır”, – Milli Məclisin deputatı
vurğulayıb.
AHİK sədri həmçinin əlavə edib ki, Belarus Prezidentinin
işğaldan azad edilmiş ərazilərə səfəri, orada törədilmiş vandal
aktlarını öz gözləri ilə görməsi, həmçinin Şərqi Zəngəzurun və
Qarabağın dirçəlməsi istiqamətində aparılan işlərə şəxsən şahid
olması müharibəyə qədər baş vermiş hadisələrin nə qədər acınacaqlı
olduğu və Qələbədən sonra formalaşan yeni reallıqların əhəmiyyəti
barədə onda daha aydın təsəvvürlər yaradacaq.





























