
Bakı. Trend:
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun
Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində imzalanan sənədlər
iki ölkə arasında əməkdaşlığın genişlənməsinə və münasibətlərin
yeni inkişaf mərhələsinə çıxmasına imkan verəcək.
Bunu Trend-ə Milli
Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Azərbaycan ilə Belarus arasındakı
münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.
“Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında
diplomatik əlaqələrin yaradılması haqqında Protokol 11 iyun 1993-cü
ildə imzalanıb. 2006-cı ilin fevral ayında Belarusun Azərbaycanda,
həmin ilin avqust ayında isə Azərbaycanın Belarusda Səfirlikləri
açılıb. Ötən müddət ərzində iki ölkə arasında münasibətlər dinamik
inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Əlbəttə ki, bu münasibətlərin formalaşmasında və inkişafında
dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri,
yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır”, –
deyə deputat bildirib.
O qeyd edib ki, Belarus Prezidentinin rəsmi səfəri çərçivəsində
imzalanan sənədlər iki ölkə arasında hüquqi bazanın genişlənməsinə
imkan verməklə yanaşı, iqtisadi və digər sahələrdə əməkdaşlığın
inkişafına və mövcud potensialdan daha geniş istifadə etməyə şərait
yaradacaq.
“Bu baxımdan “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət
Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları,
istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində
qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan
Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə
Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və
Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma
Memorandumu mühüm əhmiyyətə malikdir”, – deyə deputat bildirib.
A.Həsənova vurğulayıb ki, iki ölkə arasında münasibətlərin
inkişafı dövlət başçıları tərəfindən də yüksək
qiymətləndirilir.
“Cənab Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr
Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi
bəyanatda bildirdi ki, “aparılan danışıqlar – təkbətək və geniş
tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha
əyani şəkildə nümayiş etdirir. Münasibətlər dinamik inkişaf
edir”.
Eyni zamanda Aleksandr Lukaşenko bəyan etdi ki, “Belarusun və
Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər
var”.
Hesab edirəm ki, bu səfər iki ölkə arasında münasibətlərin daha
dinamik inkişafına imkan yaradacaq”, – deyə deputat əlavə edib.




























