Advertisement

Siyasi partiyaların mütləq əksəriyyəti dialoq proseslərinin fəal iştirakçılarıdır – Vüqar Rəhimzadə

Bakı. Trend:

Demokratik cəmiyyətin varlığını təsdiqləyən mühüm amillərdən
biri çoxpartiyalı sistemin təşəkkül tapması, partiyaların normal
fəaliyyəti üçün sağlam mühitin yaradılması, bu qurumlar arasında
əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu,
bugünümüzə və gələcəyə xidmət edən düşünülmüş, məqsədyönlü
siyasətin əsas istiqamətlərindən biri siyasi islahatların dövrün
tələbinə uyğun olaraq təkmilləşdirilməsi, vətəndaş həmrəyliyinin
bərqərar olmasıdır. Bu mühüm məqamı qeyd etmək yerinə düşər ki,
müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin yaşadığı
problemlər vətəndaş həmrəyliyinin olmaması faktını da təsdiqlədi.
Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik
edənlərin xəyanətkarlıqları nəticəsində real vəziyyəti həmin vaxt
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində
çalışan dahi şəxsiyyət Heydər Əliyevə ünvanladıqları müraciətdə
daha aydın və ətraflı şəkildə əks etdirən məşhur “91-lər” bu faktı
xüsusi qeyd etmişdilər ki, yeni-yeni partiyaların meydana çıxması
fonunda ölkədə ictimai-siyasi həmrəyliyin yaradılması istiqamətində
heç bir iş görülmür. Mövcud siyasi partiyaların rəhbərləri arasında
sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam və etimadını
qazanmış, öz ətrafında müxtəlif zümrələrdən olan insanları
birləşdirə biləcək, beynəlxalq nüfuzlu və respublika həyatının
bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yoxdur.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövrün, zamanın
tələbi, xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ilk
gündən bu birliyin, həmrəyliyin formalaşdırılmasına xüsusi diqqət
göstərməyə başladı. 1993-cü ildə xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin əsas çağırışları
sırasında bu məqam xüsusi qeyd edilirdi ki, nə qədər partiya
olur-olsun, onların hamısı bir məqsədə – Azərbaycanın
müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə
xidmət etməlidir. Bu çağırış siyasi partiyaların birliyinə,
həmrəyliyinə xidmət etməklə yanaşı, siyasi diloq mühitinin
formalaşdırılmasının dövlət siyasətinin əsas tərkib hissəsi
olduğunu təsdiqlədi. Son 20 ildən artıq dövrdə Heydər Əliyev
siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham
Əliyevin vətəndaş birliyinin möhkəmləndirilməsi yönümündə atdığı
addımlar öz müsbət nəticəsini 44 günlük İkinci Qarabağ
müharibəsinin gedişi, eyni zamanda, postmünaqişə dövründə
göstərdi.

Bu fikirləri Trend-ə Yeni
Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi
elmlər doktoru, professor Vüqar Rəhimzadə açıqlamasında
bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkənin inkişafında siyasi
partiyaların rolunun artırılması, demokratik təsisatların inkişaf
etdirilməsi, hələ 1992-ci ildə qəbul edilən “Siyasi partiyalar
haqqında” Qanuna yeni sənədin qəbuluna qədər dövrün tələblərinə
uyğun olaraq dəfələrlə əlavə və dəyişikliklərin edilməsi, siyasi
partiyaların iqtisadi müstəqilliyinin təmin olunması üçün mühüm
addımların atılması həyata keçirilən siyasi islahatların əsas
tərkib hissəsidir. Ümummilli Lider hər bir demokratik cəmiyyətdə
müxaliətin olmasını vacib amil kimi önə çəkərək bütün siyasi
partiyalara fəaliyyətləri üçün eyni şəraitin yaradılmasına
çağırışlar edir və bunu əməli fəaliyyəti ilə sübut edirdi. Təbii
ki, burada söhbət konstruktiv müxalifətdən gedir. Radikallığı
özlərinə fəaliyyət istiqaməti seçən qüvvələrin əməkdaşlığa maraq
göstərmək, öz ambisiyalarını bir kənara qoyub dövlət maraqlarının
müdafiəsinə çalışmaq barədə yalançı bəyanatları heç kimə inandırıcı
təsir bağışlaya bilməz. Bunu 44 günlük İkinci Qarabağ müharibəsinin
gedişi zamanı qaragüruhçu radikalların 50-dən artıq siyasi
partiyanın dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətə
dəstəklərini ifadə edən Bəyanatına qoşulmamalarından, həmçinin
tarixi Zəfərimizin reallıqlarının tələblərinə uyğun olaraq siyasi
partiyalar arasında mütəmadi təşkil edilən dialoqlarda iştirak
etməmələrindən də aydın görmək mümkündür. İqtidar-müxalifət
münasibətlərinin sağlam təməl üzərində inkişaf etdirilməsi dövlət
başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm
istiqamətlərindən biridir. Dövlət başçısı, Yeni Azərbaycan
Partiyasının Sədri İlham Əliyev 2021-ci ildə Yeni Azərbaycan
Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasını
təqdir edərək bildirdi ki, bu da siyasi sistemimizin
təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni
zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı,
fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də
cəlbedicidir.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, yeni
sənədin qəbulu, yeni siyasi partiyaların dövlət qeydiyyatına
alınması, qərargahı olmayan siyasi partiyalar üçün ofislərin
ayrılması və sair kimi mühüm məqamlar Azərbaycanda siyasi sistemin
təkmilləşdirilməsini, sağlam dialoq mühitinin yaradılmasını
təsdiqləyən addımlar sırasındadır. Bu gün ölkəmizdə fəaliyyət
göstərən siyasi partiyaların mütləq əksəriyyəti siyasi dialoq
proseslərinin fəal iştirakçılarıdır. Azərbaycanda siyasi dialoq
sağlam əməkdaşlıq mühiti əsasında formalaşıb və bu, öz təsdiqini
əlaqələrin inkişafında tapır. Bu mühüm məqamı xüsusi qeyd etmək
lazımdır ki, iqtidarla siyasi partiyalar arasında siyasi dialoq
mühitinin daha intensiv xarakter alması məqsədilə Prezident İlham
Əliyevin Sərəncamı ilə Prezident Administrasiyasında Siyasi
partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsi yaradıldı.
Adıçəkilən şöbənin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi
partiyaların birgə iştirakı əsasında müxtəlif mövzularda görüşlər
təşkil edir. Bu görüşlərdə sağlam fikir mübadiləsi aparılır,
demokratik şəraitdə hər bir siyasi partiyanın məsələyə yanaşması,
mövqeyi açıqlanır. Bütün siyasi partiyaların irəli sürdükləri
təkliflərə verilən dəyər iqtidar-müxalifət münasibətlərinin
inkişafında əhəmiyyətli rol oynayır.

Vüqar Rəhimzadə bildirib ki, 44 günlük İkinci Qarabağ
müharibəsinin gedişində Prezident İlham Əliyev xarici mətbuata
çoxsaylı müsahibələrində də ölkəmizdə sağlam siyasi mühitin
mövcudluğunu təsdiqləyən faktları beynəlxalq ictimaiyyətin
diqqətinə çatdırmışdır. Cənab İlham Əliyev 2020-ci ilin 21 oktyabr
tarixində Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi zamanı
jurnalistin “Siz demokratiyanı təşviq etməyə, müxalifətə
hakimiyyətə yol açmağa hazırsınızmı” sualına cavabında bildirmişdir
ki, ölkədə demokratik inkişaf müsbət məcrada gedir. Azərbaycanda
bütün əsas azadlıqlar – siyasi fəaliyyət azadlığı, media azadlığı,
sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı təmin olunub.
Bununla bağlı məhdudiyyət yoxdur. Bizdə internet azaddır. Bizi
tənqid etməyə çalışanlar şayiələr yaymaqdan, Azərbaycanın guya
demokratiya sahəsindəki çatışmazlıqlarını siyasi məqsədlər üçün,
siyasi təzyiq məqsədilə istifadə etməkdənsə, məzmuna baxmalıdırlar.
İndi mən yeni siyasi islahatlar proqramını təqdim etmişəm, o, bütün
siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib. Yeri
gəlmişkən, bu, toqquşmalardan əvvəl olub. İndi, əlbəttə ki, siyasi
partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin
qaytarılması ilə bağlı mənim yürütdüyüm siyasəti tam dəstəkləyir.
Cəmi iki partiya bu prosesdə iştirak etmir. Cəmi iki partiya
Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Bunlar Xalq
Cəbhəsi partiyası və Müsavat partiyasıdır. Yeri gəlmişkən, bu iki
partiya mənim siyasi dialoqla bağlı təklifimi qəbul etmədi. Mən bu
təklifi bir neçə ay bundan əvvəl etmişdim. Mən demişdim ki, bizim
normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında,
aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil
münasibətlərə ehtiyacımız var. İndi zənnimcə, 50 və ya ondan da çox
partiya bunu dəstəklədi. Biz siyasi dialoqun çox aktiv
fazasındayıq.

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri 44
günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin reallıqları
fonunda Azərbaycanın beynəlxalq nüfuzunun artmasından, iqtisadi və
siyasi islahatların vəhdətinin qorunması ilə dayanıqlı
inkişafımızdan geniş bəhs edib. Bildirib ki, hər sahədə təcrübəsi
nümunə olan Azərbaycanın siyasi dialoq mühitinin formalaşdırılması
istiqamətində də təqdim etdiyi model beynəlxalq səviyyədə təqdir
olunur. Bu model belə bir ümumi mənzərəni ortaya qoyur ki,
ölkəmizdə dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik
mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun
inkişafı dövlət siyasətinin əsas tərkib hissəsidir. Qeyd etdiyim
kimi, Prezident Administrasiyasının Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət
Vəliyevin mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə
görüşləri bu qurumlar arasında həmrəyliyin möhkəmlənməsində, ölkədə
siyasi dialoq mühitinin yaxşılaşmasında mühüm rol oynayır. Mayın
16-da siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv
əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident
Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki
Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə
nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin
iştirakı ilə keçirilən görüş də məhz bu məqsədə xidmət edən addım
oldu. Prezident Administrasiyasının Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət
Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim
sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı
olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq,
sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin
təşviq olunduğunu bildirdi. Bu mühüm məqam da xüsusi qeyd edildi
ki, belə görüşlər, eyni zamanda, siyasi partiyaların mövcud
potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da
inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət
edir. Sağlam əməkdaşlıq, milli həmrəylik sabitliyi və dayanıqlı
inkişafı təmin edən amillərdir.

Vüqar Rəhimzadə qeyd etdikləri əsasında belə bir ümumiləşdirməni
aparıb ki, Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil,
əməldə təsdiqləyir. Ölkəmizdə demokratik təsisatların inkişafı
istiqamətində atılan addımlar davamlılığı ilə diqqəti cəlb edir.
Sağlam dialoq mühitinin daha da təkmilləşdirilməsi, siyasi
partiyalar arasında əlaqələrin möhkəmləndirilməsi tarixi
Zəfərimizin reallıqları əsasında müəyyənləşdirilən hədəflərə
töhfələr verməyə geniş imkanlar yaradır.