Advertisement

Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir – Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli
istifadə etməsi ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji
layihələrinin uğurlu icrasında özünün aydın ifadəsini tapır.
Regional çərçivədə başlanan əməkdaşlıq zaman keçdikcə beynəlxalq
miqyas aldı. Bu, ölkəmizin etibarlı və arzuolunan tərəfdaş kimi
mövqeyinin möhkəmlənməsindən irəli gəlir. Azərbaycanın yeni neft
strategiyasının müəllifi, Ümummilli Lider Heydər Əliyev dünya
təcrübəsinə əsasən bu fikri xüsusi qeyd etmişdir ki, səylər
birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə
təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Ulu Öndər, eyni
zamanda, bu tezisi də irəli sürmüşdur ki, iqtisadiyyatı güclü olan
dövlət hər şeyə qadirdir.

Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft
amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyə xidmət edən
mühüm addımlarındandır. Belə ki, 1994-cü ilin 20 sentyabr tarixində
“Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək Azərbaycanın
enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət
yetirdikdə ölkəmizin uğurla həyata keçirilən enerji layihələrində
önəmini aydın şəkildə görmək mümkündür. Bu layihələr dünyanın
enerji xəritəsini yenidən tərtib etdi. 2014-cü ildə çoxtərəfli
əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizi layihəsinin təməli
qoyuldu. Həmin mərasimdə cənab İlham Əliyev bu mühüm addımı görülən
işlərin zirvəsi kimi dəyərləndirdi. Təbii ki, Bakı-Tbilisi-Ceyhan
neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrilməsəydi,
bu gün Cənub Qaz Dəhlizindən danışmaq mümkün deyildi. Azərbaycanın
hər layihəni uğurlu sonluqla başa çatdırması ölkəmizin malik olduğu
potensialın təqdimatında əhəmiyyətli rol oynayır. Keçirilən
Neft-Qaz Sərgiləri, enerji samitləri, həmçinin Cənub Qaz Dəhlizi
Məşvərət Şurası çərçivəsində 2015-ci ildən etibarən hər il ənənəvi
olaraq baş tutan nazirlərin toplantısı ölkəmizin enerji sektorunda
əldə etdiyi uğurların geniş təhlilinə imkanlar yaradır. Toplantılar
çərçivəsində dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlərdə
müzakirə olunan məsələlər bir daha Azərbaycanın dünyanın enerji
təhlükəsizliyinin təminatında artan roluna aydınlıq gətirir.

Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar
Rəhimzadə bildirib.

O qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin hər bir
çıxışı Azərbaycanın keçdiyi inkişaf yolunun və onların fonunda
qarşıda dayanan hədəflərin təqdimatıdır. Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində martın 1-də Bakıda öz işinə başlayan nazirlərin
10-cu toplantısında Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23
ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olundu. Tədbirdə
nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr
iştirak etdilər. Toplantının açılış mərasimindən sonra davam
etdirilən sessiyaların mövzularına diqqət yetirmək kifayətdir ki,
hazırkı dövrün əsas çağırışları barədə aydın təsəvvür yaransın.
“Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub
Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl
enerji sessiyası: Bərpaolunan enerjinin imkanlarından istifadə”
mövzuları ətrafında aparılan müzakirələrdə Azərbaycanın bu ilin
noyabr ayında ev sahibliyi edəcəyi COP29-un ölkəmiz üçün əhəmiyyəti
xüsusi qeyd edildi. Həmçinin Məşvərət Şurası çərçivəsində
“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan
Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi
sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə
nazirlərin 6-cı iclası və “Dənizdə külək enerjisindən istifadənin
inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçirildi.
Qeyd etdiyimiz kimi, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən hər il
keçirilir və bu il tədbirin 10 ili tamam olur.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki,
Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq
ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz
dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş
əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində
əməkdaşlığa, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da
güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi,
Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri – bütün bu
istiqamətlər müsbət məcrada inkişaf edir. Dövlət başçısı İlham
Əliyev toplantıdakı çıxışında bildirdi ki, Azərbaycan etibarlı
tərəfdaş olduğunu artıq sübut edib. Sözümüz imzamız qədər
dəyərlidir. Belə bir əminlik də ifadə olundu ki, qarşımıza
qoyduğumuz bütün planlar həyata keçiriləcək. Çünki təkcə keçən ilin
göstəriciləri bunun sübutudur. Azərbaycanın mövqeyi hər zaman
ardıcıl olub. Enerji təhlükəsizliyini hər bir ölkənin milli
təhlükəsizlik məsələsi hesab edirik. Şaxələndirmə haqqında
danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gündə belədir.
Şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil
edilməlidir.

V.Rəhimzadə vurğulayıb ki, bu gün Azərbaycan öz enerji
təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o
cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini
təmin edir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya
məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə
qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını
böyük həcmdə artırmaq daxildir. Azərbaycanın enerji resurslarına
ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən
kənarda qalmır. Prezident İlham Əliyev toplantıdakı çıxışında onu
da qeyd etdi ki, Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid
prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə
həmrəylik ili” elan olunmuşdur. Bərpaolunan enerji layihələrimiz
yüksək göstəricilər nümayiş etdirir. Əsas investorlarımız Birləşmiş
Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA
Power” şirkətləridir. Azərbaycan zəngin bərpaolunan enerji
ehtiyatlarına malikdir. Azərbaycan “Qara Dəniz Yaşıl Kabel”
layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri
olmağı nəzərdə tutur.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, hər dövrün öz
çağırışı vardır. Müstəqilliyimizin bərpasından ötən 33 ilə yaxın
dövrün təhlili fonunda Azərbaycanın hər bir çağırışı yüksək
səviyyədə cavablandırdığı diqqətdən kənarda qalmır. Tarixən neft
ölkəsi olan Azərbaycan bu gün bərpaolunan enerji mənbələri ilə
diqqətdədir. Cənab İlham Əliyev toplantıda diqqəti Azərbaycanın
COP29-a ev sahibliyinə yönəldərək bu mühüm məqamı vurğuladı ki,
yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının
hücumuna məruz qaldıq. Neftimizin olması ən böyük nöqsanımız hesab
olunmuşdur. Bizə hücum edərək dedilər ki, necə ola bilər qazıntı
yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər:
“Gəlin, bu məsələyə başqa bir bucaq altında baxaq. Bəli, bizim
kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100
il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik.
Bizim bütün ehtiyatlarımız təsdiq edilib və hər kəs bunu bilir.
Lakin iqlim dəyişikliyi ilə bağlı olan bu qlobal tədbirə ev
sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş
etdirir”.

V.Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, qarşılıqlı
etimadın, həmrəyliyin günbəgün artması qarşıya qoyulan hədəflərə
yüksək səviyyədə nail olmağa əsas verir. Toplantıda Cənub Qaz
Dəhlizinin genişləndirilməsi məsələsi geniş müzakirə olundu. Bu
mühüm addım, eyni zamanda, digər hər hansı qaz layihələri elə icra
edilməlidir ki, ekoloji tarazlığın təmin olunmasına ziyan dəyməsin.
Bu, Azərbaycanın ciddi niyyətini, siyasətini və səylərini nümayiş
etdirir. Bərpaolunan enerji mənbələrimiz nə qədər çox olsa, indi
elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha
çox qənaət etmiş olacağıq. Bu da Cənub Qaz Dəhlizinə əlavə bir
töhfə olacaq. Cənub Qaz Dəhlizi layihəsi həqiqətən də uğur
hekayəsidir.