Advertisement

Vaşinqton səhvlərini anladı: Bakının önəmi daha da artır

Bakı. Trend:

ABŞ və Azərbaycan arasındakı münasibətlərdəki
gərginliyin aradan qaldırılması üçün konkret addımların atılmasına
zərurət duyulurdu. Rəsmi Vaşinqtonun qərəzlim davranışına, qəribə
açıqmalarına və bölgədəki sülh prosesminə ağır zərbə vura biləcək
qərarlarına rəğmən, Bakı soyuqqanlı davranırdı.

İndi Birləşmiş Ştatlar irəliyə doğru real addım atmaq
fikrindədir.

Bu baxımdan son aylar ərzində ilk dəfə olaraq ötən həftədə
Bakı-Vaşinqton dialoqu intensivləşdi.

Vaşinqtonda ABŞ prezidenti Co Baydenin müşaviri Ceyk Sallivan,
dövlət katibi Entoni Blinkenin siyasi məsələlər üzrə müavini Con
Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə
köməkçisinin birinci müavini Yuri kim, habelə dövlət katibinin
demokratiya, əmək və insan haqları məsələləri üzrə köməkçisi Robert
Cilkristlə danışıqlar aparıldı. Müzakirələrdə təbii ki,
ABŞ-Azərbaycan münasibətlərinin indiki vəziyyəti, ən başlıcası isə
perspektivləri nəzərdən keçirildi.

Ən əsas məqam isə Vaşinqton və Bakı arasındakı təmasların
normallaşdırılması idi.

Çünki son aylarda dövlətlərimiz arasındakı münasibətlər
yetərincə gərginləşmişdi.

ABŞ-ın Azərbaycandakı səfirliyinin “ölkədə insan haqları və
demokratik seçkilərlə bağlı” artıq mantraya çevrilərək klişeni
xatırladan bəyanatları, səfir Mark Libbinin yerli jurnalistlərə
müsahibəsində – yumşaq desək – həddən ziyadə birmənalı olmayan
açıqlamaları, onun Şuşaya getməkdən imtina etməsi, daha sonra
parlament seçkiləri ilə bağlı subyektiv və qərəzli bəyanatı – bütün
bunlar təbii ki, Bakı ilə Vaşinqton arasındakı münasibətlərin
genişlənməsinə xidmət edə bilməzdi.

Daha öncə isə Birləşmiş Ştatların İrəvanla “qəribə” oyunları;
aprelin 5-də Brüsseldə ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa
Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş
naziri Nikol Paşinyanın görüşərək İrəvana MDB ölkələri arasında
indiyədək misli görünməmiş dəstəyin verilməsi ilə bağlı anlaşmanın
imzalanması; Birləşmiş Ştatların Ermənistana açıq şəkildə hərbi
yardımlar ünvanlamağa başlaması; Azərbaycanla Ermənistan arasında
yekun sülh sazişi imzalanmamış İrəvanın tam dəstəklənməsi, onun
yeni geosiyasi və diplomatik “təşəbbüs”lərə vadar olunması, bununla
da danışıqlar prosesində süni problemlərin yaradılması – bütün
bunlar amerikalıların Cənubi Qafqaz bölgəsində dayanıqlı sülh və
stabilliyin bərqərar olmasına yönəlmiş cəhdləri zəiflətməsi
idi.

Daha əvvəl isə ABŞ Konqresinldə dinləmələr olmuş, Yuri Kim və
Ceyms O-Brayen ermənipərəst konqresmenlərlə senatorları geridə
qoyaraq Azərbaycanın ünvanına sərt, əsassız və qərəzli bəyanatlar
səsləndirmiş, Bakıya ittihamlar ünvanlamışdılar.

Təbii ki, bütün bunlar rəsmi Bakıda əvvəlcə təəccüb, sonra isə
qəzəb doğurmuşdu.

Nəticədə son aylarda Vaşinqtonla Bakı arasında sərt və
diplomatik çəkişmələr yaşanırdı.

İndisə deyəsən, qarşılıqlı münasibətlərdəki buzlar tədricən
əriməyə başlayır.

İlk addım ABŞ-ın Bakıdakı səfiri Mark Libbinin “getməyəcəyəm”
deməsindən sonra Şuşaya getməsi oldu.

Əslində bu səfər heç nəyi dəyişən deyil və dəyişə də
bilməzdi.

ABŞ və Ermənistan, habelə Rusiya və İran mediası M.Libbinin
Şuşaya səfər etməkdən boyun qaçırmasını az qala Şuşanın Azərbaycan
şəhəri olmasının Vaşinqton tərəfindən tanınmaması kimi qələmə
verirdilər.

Belə iddialar absurd və gülüncdür. Azərbaycanın mədəniyyət
paytaxtı olan Şuşanın statusunun hər hansı dövlət, o cümlədən ABŞ
tərəfindən tanınmasına əsla zərurət yoxdur. Şuşa Azərbaycan
şəhərlərindən biridir və bu, ölkə Konstitusiyasına, habelə
beynəlxalq hüquqa əsasən aksiomdur.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini əldə edəndəonun
suverenliyi, ərazi bütünlüyü və sərhəd toxunulmazlığı başda BMT
olmaqla beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən tanınıb ki, o
ölkələr arasında ABŞ da vardı.

Mark Libbinin Şuşaya səfəri Vaşinqtonun geri çəkilməsi yox,
irəliyə doğru addım atmaq niyyətindən xəbər verirdi və bu messici
də Bakı aldı, anladı.

Birləşmiş Ştatların siyasi elitalarının subyektiv və qərəzli
məqamlara əsaslanan davranışları nəticəsində gərginləşən, son
aylarda isə ümumiyyətlə, tarıma çəkilən münasibətlərin
normallaşması istiqamətində Vaşinqtonun təşəbbüsü anlayışla
qarşılandı.

Münasibətlərin indiki vəziyyəti, yəni böhranlı durumu bütünlüklə
və birbaşa olaraq Vaşinqtonun “əməyi” olduğundan sərt diplomatik
dialoqun yumşaldılmasına doğru ilk addımı da o atmalı idi.

Və atdı.

ABŞ siyasətində dəyişikliklərin olması və Vaşinqtonun qəflətən
Bakıya ifrat rəğbət bəsləməyə başlaması kimi illüziyalar yersizdir.
Sadəcə, Birləşmiş Ştatlar qlobal geosiyasətdəki dəyişiklikləri və
Cənubi Qafqazdakı reallıqları adekvat dəyərləndirir.

Vaşinqton da dərk edir ki, dövlətlərarası əlaqələrin zəifləməsi
və münasibətlərin gərginləşməsi Bakının maraqlarına cavab vermir.
Rəsmi Bakı okeanın o tayı ilə təmasların aktivləşdirilməsində,
iqtisadiyyatdan tutmuş, geosiyasətə qədər bütün (!) sahələrdə
əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətlərdə
zəruri addımları ataraq müvafiq qərarlar qəbul etməyə hazırdır.

Daha doğrusu, həmişə bəhs olunan strategiya çərçivəsində hərəkət
edib.

Amma bütün bunlarla yanaşı, Azərbaycanın əsla güzəştə
getməyəcəyi, bir addım da geri çəkilməyəcəyi məsələlər var ki,
Vaşinqton onları bilir.

Həmin məsələlərin siyahısı çox qısadır: sərhəd toxunulmazlığı,
ərazi bütünlüyü, suverenlik, daxili işlərə müdaxilənin
yolverilməzliyi.

Postsovet məkanındakı və başqa regionlardakı bir sıra
dövlətlərdən fərqli olaraq, Azərbaycana təkidlər, hədələr,
ultimatumlar, sanksiya təhdidləri və s. vasitəsilə nəyisə zorla
qəbul etdirmək, yürüdülən siyasətdə “zəruri dəyişiliklər”ə vadar
olunmaq mümkün deyil.

Prinsipial məsələlərdə rəsmi Bakı həmişə və bütün müstəvilərdə
mövqeyini qoruyub, bundan sonra da belə olacaq.

44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazdakı
geosiyasi reallıqları yeniləyən, ötən ilin sentyabrın 19-dakı
birgünlük lokal antiterror tədbirləri ilə Xankəndindəki
separatçı-terrorçu xuntanın mövcudluğuna son qoyan və sərhədlərini
bütün perimetr boyunca bərpa edən Azərbaycan indi bölgəmizin
iqtisadi, siyasi, geosiyasi və hərbi lideridir.

Şərqi Avropa ölkələri ilə Azərbaycan arasında əlaqələrin
intensivləşməsi, Bolqarıstan və Slovakiyanın Azərbaycandan daha çox
təbii qaz almaq istəkləri, Avropa İttifaqının şərq blokunda rəsmi
Bakının əlaqələrinin və nüfuzunun artması, habelə Azərbaycan-Çin
təmaslarının aktivləşməsi ABŞ-ın diqqətindən yayınmayıb.

Birləşmiş Ştatlar çox gec olsa da, arlayıblar ki, Cənubi
Qafqazda təsir imkanlarını artırmaq və mövqelərini möhkəmləndirmək
üçün Azərbaycanla sıx əlaqələr qaçılmazdır.

Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul
edilməsindən sonra ABŞ anladı ki, rəsmi Tbilisinin aşkar Qərbə
meylliyi barədə Vaşinqtondakı təsəvvürlər mif imiş.

Ermənistan da Vaşinqtonun ümidlərini hələ ki, doğrultmur.

Baş nazir Nikol Paşinyanın bütün çıxışlarına və anti-Rusiya
ritorikasına rəğmən, Ermənistanın KTMT-ni, Avrasiya İqtisadi
Birliyini və Avrasiya Gömrük İttifaqını tərk etmək niyyəti
yoxdur.

Rusiyanın sülhməramlı kontingentini (RSK) bütünlüklə ərazisindən
çıxaran Azərbaycan belə situasiyada soyuqqanlı, praqmat və rasional
siyasət yürüdür.

Məhz bu səbəbdən də Vaşinqton səhvlərini etiraf etmək
məcburiyyətində qalıb.