
Bakı. Trend:
Latviya parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və
Şəhidlər xiyabanını ziyarət edib
Milli Məclisdən Trend-ə verilən məlumata görə, Azərbaycanda rəsmi
səfərdə olan Latviya parlamentinin sədri Daiga Mierinanın rəhbərlik
etdiyi nümayəndə heyəti mayın 20-də Fəxri xiyabana gələrək
xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad
edib, məzarı önünə əklil qoyub.
Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim
akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb,
məzarı üzərinə tər güllər düzülüb.
Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək,
ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından
keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb,
məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin
önünə əklil qoyub.
Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının
mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və
paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat
verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı,
Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri Kamran Bayramov və digər rəsmi şəxslər müşayiət
ediblər.





























