Advertisement

Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb

Bakı. Trend:

Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən,
artilleriya bölmələri ilə keçirilən döyüş atışlı taktiki təlim başa
çatıb.

Bu barədə Trend-ə Müdafiə
Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin planına əsasən, daimi dislokasiya
məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş
mövqelərinin tutulması, qurğuların döyüş tətbiqinə hazırlanması,
şərti düşmən hədəflərinin aşkar olunaraq dəqiq atəşlə məhv
edilməsi, eləcə də qarşıya qoyulan digər tapşırıqları
müvəffəqiyyətlə icra ediblər.

Əsas diqqətin hərbi qulluqçuların bilik və bacarıqlarının
artırılmasına, komandir heyətinin artilleriya bölmələrinin
idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də döyüş
əməliyyatları zamanı digər qoşun növləri ilə qarşılıqlı əlaqənin
təşkilinə yönəldildiyi təlimdə yüksək peşəkarlıq nümayiş
etdirilib.