Advertisement

Paris Bakıya təzyiq etməyə çalışır, amma daha da geriləyir

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron dünən ölkənin Müdafiə və Milli
Təhlükəsizlik Şurasının təcili toplantısını keçirib.

Toplantıda Yeni Kaledoniyadakı vəziyyət müzakirə olunub.

E.Makron son həftə ərzində Parisə qarşı etiraz aksiyalarının,
yerli sakinlərlə polis və hərbçilər arasında qarşıdurmaların
səngimədiyi “dənizötəsi ərazi”yə əlavə qüvvələrin göndərilməsinə
göstəriş verib. Göstərişə əsasən, Parisdən Yeni Kaledoniyanın
paytaxtı Numeaya daha 600 xüsusi təyinatlı polis və jandaram
göndəriləcək.

Xatırladaq ki, mayın 13-də Yeni Kaledoniyanın paytaxtı Numeada
dinc yürüş kütləvi etiraz aksiyalarına çevrilib. Polis aksiya
iştirakçılarına atəş açandan sonra kütləvi iğtişaşlar başlanıb,
yüzlərlə ofis, dükan və sosial qurumların binalarına od vurulub.
Onlarla polis, yüzlərlə aksiya iştirakçısı xəsarət alıb.

Etiraz aksiyalarının səbəbi Fransa parlamentinin Yeni
Kaledoniyada seçki qaydalarına dəyişiklikləri nəzərdə tutan qanunu
qəbul etməsidir.

Düzəlişlərə görə, Yeni Kaledoniyada keçirilən seçkilərdə son 10
ildə burada yaşayan Fransa vətəndaşları iştirak edə bilərlər.

13 adadan ibarət olan Yeni Kaledoniya arxipelaqının sakinlərinin
40 faizi və ya 112 min nəfəri kanaklardır. 1998-ci ildə Parislə
Numea arasında imzalanmış anlaşmaya görə, Yeni Kaledoniyada
keçirilən seçkilərdə yalnız 1998-ci ilədək burada yaşamış insanlar
iştirak edə bilərlər.

Rəsmi Parisin yeni qərarı isə yerli kanakların arxipelaqın idarə
olunmasında imkanlarını daha da azaldır, faktiki olaraq minimuma
endirir.

Fransa prezidenti Emmanuel Makron, baş nazir Qabriel Attal,
xarici işlər naziri Stefan Sejurne və daxili işlər naziri Jerald
Dermanen bütün bəyanatlarında, açıqlamalarında və şərhlərində
kanakların hərəkatını birmənalı olaraq separtizm qismində
dəyərləndirlər. Üstəlik, rəsmi Paris ölkəmizi suçlayır ki, Yeni
Kaledoniyadakı aksiyaları dəstəkləyirik, kanakları yeni etirazlara
və proseslərə sövq edirik.

Bu isə rəsmi Parisin ikiüzlü yox, çoxüzlü siyasəti olmaqla
yanaşı, Fransanın neokolonializm doktrinasının mənhusluğunu və ən
başlıcası, saxtakarlığını göstərir.

Qarabağlı ermənilərin separatizm hərəkatı başlayan ilk günlərdən
Fransa Ermənistanı və xüsusilə də Xankəndindəki xuntanı bütün
müstəvilərdə, malik olduğu imkanlarını hamısını işə salaraq
dəstəkləyib.

İndi həmin Paris bizi “separtizmə dəstək vermək”də suçlayır.

Fransanın ittihamlarına və onların absurdluğuna nəzər salaq:

1. “Yeni Kaledoniyadakı etiraz aksiyaları iğtişaşlardır və onlar
ən sərt şəkildə yatırdılmalıdır”. Fransanın müstəmləkə hesab etdiyi
və sözdə guya “bütün demokratik azadlıqları verdiyi” Yeni
Kaledoniyada yerli xalq, yəni kanaklar azadlıqla müstəqillik
mübarizəsi aparırlar. Onlar arxipelaqdakı fransızları kütləvi
şəkildə işgəncələrə məruz qoymur, ən vəhşi şəkildə qətlə yetirmir,
evlərindən didərgin salmırlar. Unutmayaq ki, kanaklar yerli əhali,
fransızlar isə gəlmələr, kolonistlərdir. Halbuki Qarabağda gəlmə
ermənilər və yerli erməni separatçılar bölgənin əzəli sakinləri
olan azərbaycanlılara hücumlar etmiş, minlərlə günaşsız insana
işgəngə vermiş, qətlə yetirmiş, yüz minlərlə azərbaycanlını
evlərindən didərgin salmışdı.

2. “Fransanın suverenliyi, ərazi bütünlüyü və sərhəd
toxunulmazlığı ən önəmli dəyərlərdir”. Tamam, bu prinsiplərlə biz
də razıyıq. Amma Yeni Kaledoniya Fransa ərazisi deyil – Fransanın
istila etdiyi müstəmləkələrdən biridir. Üstəlik, bu prinsiplər
Fransa üçün “ən önəmli dəyərlər”dirsə, rəsmi Parisin qarabağlı
ermənilərin separatçılığını dəstəkləməsi, “Qarabağ problematikası
hələ bitməyib” bəyanatları və ümumiyyətlə, ermənilərə bütün işlərdə
maksimum himayə göstərməsi siyasi mənəviyyatsızlıq, ikiüzlülük və
saxtakarlıqdır. Fransa öz sərhədlərinin qədrini belə bilirsə,
Azərbaycanın da ərazi bütünlüyünə, sərhəd toxunulmazlığına və
suverenliyinə sayğı bəsləmək məcburiyyətindədir.

3. “Azərbaycan Yeni Kaledoniyadakı separatizmi dəstəkləyir”.
Əsla, amma əsla belə deyil. Bakı Təşəbbüs Qrupu dünyanın bütün
bölgələrində neokolonilizmə, müstəmləkəçiliyin müasir izharlarına
qarşı çıxır və bu istiqamətdə mübarizə aparan xalqların
nümayəndələrinə problemlərini dünya birliyinə çatdırmaq üçün
imkanlar yaradır.

Normal və adekvat siyasət, beynəlxalq hüququn normalarına tam
uyğun davranışdır. Separatizmi dəstəkləyən ölkə isə Fransa olub.
Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu 30 il
ərzində rəsmi Paris sürəkli, permanent olaraq işğalçı Ermənistanı
və qarabağlı ermənilərin separatçı xuntasını dəstkləyib. Fransa
parlamentinin mənsubları, siyasətçilər, dövlət xadimləri
Xankəndində separatçı-terrorçu xunta olanda daim bu şəhərə
Ermənistan ərazisindən keçməklə qanunsuz səfərlər edir,
separtçıların liderləri ilə görüşür, onları himayə etdiklərini açıq
deyirdilər.

4. “Fransa separatizmi və revanşizmi birmənalı olaraq qəbul
etmir”. Həqiqətdən çox uzaq açıqlamadır. 44 günlük İkinci Qarabağ
Müharibəsindən sonra məhz Fransa erməni separatçılarının əsas
hamisinə çevrilməklə yanaşı, Ermənistandakı aqressiv revanşist
qüvvələrin xaricdəki əsas dayağı oldu. Fransa prezidenti Emmanuel
Makron bunlarla da kifayətlənmədi, Ermənistandan vasitə qismində
yararlanaraq Cənubi Qafqazda yeni bölücü və məhdudlaşdırıcı
geosiysasi xətlər çəkməyə çalışdı. Halbuki Avropa İttifaqında
liderlik uğrunda Fransaya rəqib olan Almaniya bir qədər əvvələdək
Cənubi Qafqaz məsələsində Fransanı dəstəkləyirdisə, indi rasional
və kqnstruktiv mövşe tutub. Berlinin mövqeyi təbii ki, Avropa
İttifaqının regional strategiyasına da təsir edir.

Fransa habelə, AŞPA-da və Avropa Parlamentində Azərbaycana qarşı
yönələn idiotik hücumların, qəbul edilən qərəzli və əsassız
bəyanatların, absurd ittihamlarla zəngin sənədlərin əsas
sifarişçisidir.

Emmanuel Makronun planları reallaşmır, çünki Parisin bütün
intriqalarına və Bakıya qarşı düşmən münasibətinə rəğmən,
Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıqla bağlı
imzalanan anlaşmaların, sazişlərin və müqavilələrin sayı sürətlə
artır.

Birgə kommünike və bəyanatlarsa yalnız zahiri xoş niyyətin
izharına yönələyərək real fəaliyyəti səciyyələndirir.

… Yeni Kaledoniyada yaşananlar Fransanın ikiliki standartlara və
neokolonializmə əsaslanan xarici siyasətinin kiçik təzahürlərindən
biridir. 21-ci əsrdə müstəmləkəçilik strategiyasından əl çəkməyən
Fransa erməni separatizmini və revanşizmi dəstəkləməklə mövqelərini
möhkəmlətmək niyyətində olsa da, sürəkli məğlubiyyətlərə düçar
olur.

Özünü az qala imperator hesab edən Emmanuel Makron isə bunu dərk
eldə bilmir.