Bakı. Trend:
21 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Ukraynanın ölkəmizə yeni təyin olunmuş
səfiri Yuriy Husyev ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə
Azərbaycan və Ukrayna arasında mövcud əməkdaşlıq gündəliyi, habelə
regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Ukraynanın Azərbaycandakı səfiri Yuriy
Husyevi təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində
uğurlar arzu edib.
Tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin
iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və
kommunikasiyalar, humanitar və s. istiqamətlərdə inkişafından
məmnun olduqlarını qeyd ediblər.
Ölkəmizin sədrlik etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)
hazırlıq işləri barədə məlumat verən nazir Ceyhun Bayramov,
COP29-un öz növbəsində əməkdaşlıq gündəliyinə iqlim dəyişikliyi ilə
mübarizə məsələsini daxil etməklə, münasibətlərin inkişafına töhfə
verə biləcəyini qeyd edib.
Səfir Yuriy Husyev səmimi qəbula görə təşəkkür edib, Azərbaycan
və Ukrayna arasında münasibətlərin daha da inkişafı istiqamətində
səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Azərbaycan tərəfindən
Ukraynanın ərazi bütövlüyü və suverenliyinə göstərilən daimi
dəstək, o cümlədən Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar
edilən humanitar yardımlara görə təşəkkür ifadə olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.





























