
Bakı. Trend:
Ermənistanın Tavuş (Tovuzqala) rayonunda Kirants (Güney)
və Xeyrimli kəndləri arasındakı sərhədin müəyyənləşdirilməsi ilə
bağlı işlər artıq başa çatmaqdadır.
Sərhəd postları və dirəkləri quraşdırılıb, ərazidə erməni
sərhədçilər növbə tutmağa başlayıblar.
Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin
demarkasiyası və delimitasiyası ilə bağlı dövlətlərarası anlaşmanın
şərtlərinə uyğun olaraq Kirantsdakı ermənilərin ərazimizlə illər
əvvəl tikdikləri 2 ev və 3 dükan Azərbaycanın nəzarətinə
verilir.
Anlaşmaya uyğun olaraq Azərbaycanla Ermənistanın sərhədçiləri
iki dövlət arasındakı şərti dövlət sərhədinin demarkasiya və
delimitasiya olunmuş hissəsini qoruyacaqlar.
Azərbaycanın Qazax rayonunda Ermənistanla şərti dövlət sərhədini
2016-cı ildən bəri Dövlət Sərhəd Xidmətinin (DSX) heyəti qoruyur.
Ermənistan ordusunun hərbçilərri 32 ildən bəri erməni işğalında
olan kəndlərdən çıxarılandan sonra sərhədçilərimiz irəliləyərək
demarkasiya edilmiş ərazilərdə yeni mövqelər tutacaqlar.
Fəqət Erməni Həvariyun (Apostol) Kilsəsi (EAK), əslən Qarabağdan
olan ermənilərdən ibarət “qarabağlılar klanı”, xarici ölkələrdəki
erməni diasporu, habelə kənar ölkələrin maliyyələşdirərək nəzarətdə
saxladıqları müxalifət qruplaşmalarının “koalisiya”sından ibarət
revanşist qüvvələr prosesi pozmağa çalışırlar.
Sərhədin bəlirlənməsi prosesinin başlandığı ggün, aprelin 19-da
Ermənistanda da etiraz aksiyaları başlayıb. Aksiyaların “lideri”
EAK-ın Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Parqev
Martirosyandır. Ermənistanla yanaşı, Kanada vətəndaşı da olan bu
keşiş baş nazir Nikol Paşinyanın istefasını, yeni hakimiyyətin
formalaşdırılmasını tələb edir.
Bəhs etdiyimiz dəstəyə N.Paşinyanın müxtəlif vaxtlarda vəzifədən
kənarlaşdırdığı yüksəkçinli hərbçilər də qatılıblar. Məsələn,
onlardan biri, sabiq müdafiə naziri, indi yaşadığı Moskvada
“Ümumerməni Fondu” adlı marionet struktur yaratmış general Arşak
Karapetyan Ermənistandakı hərbçiləri N.Paşinyana qarşı çıxmağa
çağırıb. Yəni A.Karepetyan Ermənistanda hərbi çevriliş arzusundadır
və bu məqsədlə “səylərini əsirgəməyəcəyini” deyib.
A.Karapetyan Ermənistanda eyniadlı siyasi partiya yaratmaq
niyyətini bəyan edib və Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlik
partiyanı qeydiyyata almaqdan imtina edəndə A.Karapetyan bu rədd
cavabını “qorxuya düşmüş Nikol Paşinyanın birbaşa göstərişi”
adlandırıb.
Halbuki general A.Karapetyan Ermənistan cəmiyyətində hər hansı
ciddi nüfuza və çəkiyə malik olmayan adi “sabiq”lərdən biridir.
İrəvandakı hakimiyyətə qarşı çıxdıqlarını və Nikol Paşinyanın
dərhal kənarlaşdırılmasını tələb etdiklərini deyənlərin şansları
azdır.
Məsələ heç də N.Paşinyanın cəmiyyətdə ciddi tərəfdar kütləyə
malik olması ilə bağlı deyil.
Tam əksinə, Ermənistanda keçirilmiş son rəy sorğularının
nəticələrinə görə, N.Paşinyanın elektoral bazası hazırda
hakimiyyətdə olduğu illərin ən aşağı səviiyyəsindədir.
Onun hakimiyyətdən uzaqlaşdırılması çətin deyil, amma bunun üçün
adekvat fəaliyyət proqramına malik nüfuzlu müxalifət strukturu və
ya lideri gərəkdir.
Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj
Sarqsyanın rəhbərlik etdikləri “qarabağlılar klanı” isə bütün
bəyanatlara rəğmən, hələ də nə fəaliyyət proqramına, nə cəmiyyətdə
nüfuza malik deyil.
Erməni kilsəsinin siyasətə qatılmasının və bilavasitə hakimiyyət
iddialarını nümayiş etdirməsinin bariz timsalı olan keşiş Baqrat
Qalstanyana gəldikdə isə, onun özü dəfələrlə bəyan edib ki, baş
nazir postunu tutmaq niyyəti istisna deyil.
Amma indiki etiraz aksiyalarının təşkilatçılarının və
idarəçilərinin əsas məqsədi keşiş Baqratı yox, sabiq prezident
Robert Köçəryanı baş nazir postuna sahibləndirməkdir.
Niyyətlər mövcuddur, onların reallaşdırılması üçün strategiya
yoxdur.
Baqrat Qalstanyanın “başçılıq” etdiyi hərəkat artıq iflasa
uğrayıb. Keşişin və onun arxasında duranların bütün cəhdlərinə
rəğmən aksiyalar Ermənistanda hakimiyyət dəiyşikliyini
reallışdırmaq üçün yetərli ictimai dəstəyi qazana bilmədi.
Paşinyan administrasiyası hələ ki, hakimiyyəti yeniləmək
istəyənlərin bütün hərəkətlərini dezaviuasiya etməyi bacarır.
Keşiş Baqrat isə geriyə yol olmadığını anladığından hər gün
tələblərini təkrarlayır, Ermənistan parlamentinin deputatlarını
N.Paşinyana impiçment elan etməyə, vətəndaşları kütləvi etiraz
aksiyalarına, müxalifət düşərgəsini “hərəkat”ı tam dəstəkləməyə
çağırır.
Hər gün müxtəlif siyasi partiyalar, qruplar, təşkilatlar və
siyasətçilərlə görüşlər keçirən keşiş Baqrat nəyin bahasına
olursa-olsun, ona verilmiş tapşırığın öhdəsindən gəlməyə
çalışır.
Onun danışıqlar apardığı şəxslər arasında Xankəndindəki sabiq
separatçı-terrorçu xuntanın keçmiş rəhbərliyi də var. İrəvandakı
otellərdən birindəki görüş əsnasında qarabağlı separatçılar
B.Qalstanyanı və onun hərəkatını dəstəklədiklərini bildiriərək uzun
müddətdən bəri davam etdirdikləri “siyasi sükut”u pozublar.
Səbəb trivialdır: “dəstək” müqabilində həmin şəxslərə pul
verilib.
Sabiq xuntanın keçmiş rəhbərləri də Azərbaycanı könüllü tərk
edərək Ermənistana yollanmış qarabağlı ermənilər arasında məhz
pulla şirnikləndirmək yolu ilə “çoxsaylı tərəfdar kütləsi”
formalaşdımaq niyyətindədirlər.
Onlar keşiş Baqrata İrəvanda keçirilən mitinqlərə qarabağlı
ermənilərin bundan sonra “daha fəal, daha intensiv” şəkildə
qatılaraq etiraz aksiyalarında iştirak edəcəklərini deyiblər.
Aksiyanın təşkilatçıları baş verənləri Ermənistanın daxili
siyasətində və xüsusilə də müxalifət-hakimiyyət qarşıdurmasında tam
yeni, indiyədək bənxəri olmamış proses kimi qələmə verirlər.
Halbuki yeni heç nə yoxdur.
Ermənistanın sabiq baş naziri Vazgen Manukyanın ötənlərdə
başçılıq etdiyi etiraz hərəkatının yeni təzahürünü, daha zəif
inkarnasiyasını görürük. Bu dəfə tribunada Manukyan
yox,Qalstanyandır və şüarlar fərqlidir.
Başqa heç bir fərq yoxdur: eyni emosional çağırışlar, proqramsız
fəaliyyət, Robert Köçəryanla Serj Sarqsyanın kölgə dirijorluğu ilə
reallaşdırılan xaotik aksiyalar və ən əsası – hakimiyyətin
əsaslarını sarsıda biləcək platformanın yoxluğu.
Keşiş Baqrat Qalstanyandan zahirən simvol, əslində marionetka
kimi istifadə edənlərin hansısa uğur şansından danışmaq
çətindir.
Nikol Paşinyanın ciddi və intellektual fiqur yox, siyasi təlxək
olmasına rəğmən.





























