
Bakı. Trend:
Mayın 22-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət
Məclisinin (TBMM) Təhsil, mədəniyyət, gənclik və idman komitəsinin
sədri Mahmut Özerin başçılıq etdiyi nümayəndə heyəti Fəxri
xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət
edib.
Parlamentdən Trend-ə verilən
məlumata görə, nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın
Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib,
məzarı önünə əklil qoyub.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək,
ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş
qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları
üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil
qoyub.
Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının
mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və
paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat
verilib.
Nümayəndə heyəti, həmçinin 1918-ci ildə Bakının azad edilməsi
uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə
ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib. Abidənin önünə
gül dəstələri qoyulub.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Elm və təhsil
komitəsinin sədri Bəxtiyar Əliyev və digər rəsmi şəxslər müşayiət
ediblər.





























