Bakı. Trend:
Azərbaycanla sülh sazişinin vahid mətninə nail olacağımıza ümid
edirik.
Trend xəbər
verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan
Kostanyan yerli KİV-ə müsahibəsində deyib.
İrəvan və Bakı arasında sülh sazişinin mətni ilə bağlı müəyyən
fikir ayrılıqlarının olduğunu deyən nazir müavini, bu istiqamətdə
işlərin görüldüyünü bildirib.
“Ümid edirik ki, vahid mətnə nail ola biləcəyik, bu istiqamətdə
işlər davam edir. Görüşlərdə hər iki tərəfin mövqeyini
yaxınlaşdırmağa çalışırıq”, – o deyib.
Xatırladaq ki, 10-11 may 2024-cü il tarixlərində Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan
Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında
Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb.
Nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə
edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə
heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və
dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli
Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər.
Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan
məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.





























