
Bakı. Trend:
Azərbaycan hər ötən gün dünyada daha çox beynəlxalq
nüfuz sahibinə çevrilir. Xüsusilə son illərdə Cənubi Qafqazın lider
ölkəsi kimi böyük beynəlxalq platformaların, tədbirlərin təşkil
olunduğu bir mərkəzə çevrilən Bakıya göstərilən etimadın arxasında
Azərbaycan dövlətinin söz və əməlinin bir-birini tamamlaması,
düzgün siyasi xəttə sahib olması və təzyiqlərə rəğmən haqqın
tərəfində durması dayanır. Artıq ölkəmiz beynəlxalq tədbirlərin
keçirilməsində kifayət qədər təcrübəlidir və ölkəmizdə keçirilən
qlobal səviyyəli tədbirlər hətta bir çox ölkələrə haqlı olaraq
nümunə göstərilir.
Belə tədbirlərdən biri artıq ənənə halını alan Qlobal Bakı
Forumunu qeyd edə bilərik. Artıq bu günlərdə işini davam etdirən
sayca XI Qlobal Bakı Forumu “Parçalanmış dünyanın bərpası”
mövzusunda dünyanın bir çox önəmli siyasət adamlarının məhz
Azərbaycanın paytaxtında toplanmasına, ciddi və mübahisəli
məsələlərlə bağlı fikir mübadiləsi aparmalarına imkan yaradır. Bu
amil Bakının artıq dünyanın əsas beyin mərkəzlərindən birinə
çevrildiyinə də nümunədir.
XI Qlobal Bakı Forumu dünyanın diqqət mərkəzindədir. Bu gün öz
işinə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal
Bakı Forumunda 50-dən çox ölkədən yüzlərlə nümayəndə, o cümlədən
dövlət və hökumət nümayəndələri, sabiq dövlət və hökumət başçıları,
gənc liderlər iştirak edir ki, bu, bir daha bu Forumun
əhəmiyyətindən, ona beynəlxalq aləmdə göstərilən maraqdan xəbər
verir.
Başqa bir tərəfdən Forumda hazırda dünyada mövcud olan
ən aktual məsələlərin fəal müzakirə olunması, problemlərdən çıxış
yollarının axtarılması Azərbaycanın ev sahibliyi etdiyi bu
beynəlxaq səviyyəli Foruma olan inamdan irəli gəlir. Davam edən XI
Qlobal Bakı Forumu bir çox xüsusiyyətlərinə görə digər beynəlxalq
forumlardan fərqlənir:
– Bakıda təşkil edilən sayca XI bu beynəlxalq tədbir
əhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və Münhen
Təhlikəsizlik Konfransı kimi dünyada nüfuzlu tədbirlərdən geri
qalmır. Amma eyni zamanda da bu forumlardan fərqlənir. O baxımdan
ki, Davosun yalnız iqtisadi, Münhenin isə təhlükəsizlik
məsələlərini əhatə edir. Bunlardan fərqli olaraq isə Qlobal Bakı
Forumu universal xarakter daşıyır və beynəlxalq gündəmdə olan
siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Yəni
Qlobal Bakı Forumu adınadan da göründüyü kimi bütün qlobal
məsələlərin müzakirə edildiyi beynəlxalq platforma kimi dünyanın
diqqət mərkəzindədir.
– İqtisadi inkişafına görə də regionun lider dövləti olan
Azərbaycan 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən sonra
həm də yeni reallıqlar yaradan ölkəyə çevrilib. Bu gün regionun
gələcək inkişafına hədəflənən bütün addımların başında məhz
Azərbaycan dayanır.
Qeyd edilən bu detallardan proseslərə nəzər salsaq, əminliklə
deyə bilərik ki, bu cür tədbirlərə ev sahibliyi etməklə Azərbaycan
bir daha güclü dövlət olduğunu ortaya qoyur, digər tərəfdən də bu
tədbirlər vasitəsilə postmüharibə dövründəki reallıqları dünya
birliyinə çatdırır. Elə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Forumun açılış mərasimindəki çıxışında öz əskini tapan
məqamlar da bunu bir daha təsdiq edir: “İndi biz Ermənistanla sülhə
heç vaxt görünmədiyi qədər yaxınıq”.
Dövlətimizin başçısı qeyd edib ki, “Cənubi Qafqazda müstəqillik
tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ
müharibəsinin nəticəsidir”.
Prezident İlham Əliyev bu açıqlaması ilə bir daha dünya
birliyinə Azərbaycanın sülh, sabitlik istədiyini bəyan etdi. Dövlət
başçısı eyni zamanda bu açıqlaması ilə “Biz tarixi ədaləti,
beynəlxalq hüququ bərpa etdik, artıq bu regionda ədavətə son qoymaq
vaxtıdır”, – mesajı vermiş oldu.
XI Bakı Qlobal Forumu Azərbaycanın Qarabağın tamamında
suverenliyini bərpa etdikdən və separatizmə son qoyduqdan sonra
Bakıda keçirilən ilk Forumdur. Belə bir əhəmiyyətli dövrdə
Azərbaycanın bir çox dövlət və hökumət adamlarının qatıldığı,
siyasətçilərin iştirak etdiyi Forum vasitəsi ilə geosiyasi
reallıqları çatdırma qimkanını yenidən əldə etməsi rəsmi Bakı üçün
ona qarşı olan təzyiq və təxribatlara qarşı olduqca əhəmiyyətli bir
vasitədir. Bu gün Azərbaycanı guya nüvbəti müharibəyə hazırlaşmaqda
ittiham etməyə çalışan, lakin əlində bir dənə də olsun dəlil-sübutu
olmayan Qərbin ermənipərəst dairələri, xüsusilə də Fransa, eləcə də
rəsmi İrəvan üçün Qlobal Bakı Forumu soyuq duş effekti verəcək.
Çünki Azərbaycan Prezidentinin və digər dövlət adamlarının cərəyan
edən proseslərə işıq salaraq reallığı dünya ictimaiyyətinə təqdim
etmək üçün çox yaxşı çansı var. Bu isə növbəti dəfə Ermənistan və
onun havadarlarının qarayaxmalarlının ifşası deməkdir.
XI Qlobal Bakı Forumuna qatılanlar çıxışlarında Azərbaycanın
bölgədə oynadığı rolu yüksək qiymətləndirir, regional layihələrin
Avropa üçün əhəmiyyətindən danışırlar. Rəsmi Bakı Qlobal Forumla bu
gün bütün ermənipərəst Qərb dairələrinə ciddi cavab vermiş olur.
Yaxşı olar ki, Ermənistan da artıq rəsmi Bakının tək Cənubi
Qafqazda yox, artıq Avropada da önəmli, özünün xüsusi çəkisi olan
beyin mərkəzlərindən birinə çevrildiyini və regional məsələlərlə
bağlı mütləq şəkildə ilk növbədə Azərbaycanla əsas məsələləri
razılaşdırmalı oduğunu anlasın. Əks təqdirdə İrəvanın uyduğu yeni
ssenarilər onun final pərdəsini daha da tezləşdirəcək.





























