
Bakı. Trend:
Martın 14-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə
səfərdə olan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA)
baş direktoru Françesko La Kamera ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə bildirilib ki, görüş
zamanı bərpaolunan enerjinin istehsalı və ixracı ilə bağlı həyata
keçirilən və planlaşdırılan layihələr, eləcə də yaşıl enerji
texnologiyalarının inkişafına dair fikir mübadiləsi aparılıb, bu il
ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)
çərçivəsində ölkəmiz ilə agentlik arasında əməkdaşlıq məsələləri
müzakirə edilib.
Görüşdə “Yaşıl Enerji Zonası” konsepsiyasına uyğun olaraq
işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr
barədə ətraflı məlumat verilib. Bununla yanaşı, Azərbaycan ilə
Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa
dair Anlaşma Memorandumu, eləcə də Azərbaycandan elektrik
enerjisinin Avropaya ixracını təmin edəcək Qara dəniz sualtı kabel
layihəsinin alternativ enerji sahəsində əlavə əməkdaşlıq imkanları
yaradacağı vurğulanıb.
IRENA-nın baş direktoru Françesko La Kamera Azərbaycan ilə
təşkilatın əməkdaşlığından məmnunluğunu ifadə edərək, hazırkı
imkanların dəyərləndirilməsinə təmsil etdiyi qurumun dəstək verməyə
hazır olduğunu diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və
regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





























