
Bakı. Trend:
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Azərbaycan
və Ermənistan arasında hərtərəfli və dayanıqlı sülhün əldə
olunmasına xüsusi diqqət yetirməyə davam edəcək.
Bu barədə Trend-ə özəl müsahibəsində ATƏT-in fəaliyyətdə olan
sədri, Malta Respublikasının xarici işlər, Avropa məsələləri və
ticarət naziri Yan Borq deyib.
“Bu yaxınlarda Bakıya səfərim zamanı ATƏT və Azərbaycan arasında
əməkdaşlığın inkişafına sadiqliyimizi təsdiqlədim. Azərbaycan və
Ermənistan arasında hərtərəfli və dayanıqlı sülhün əldə edilməsinə
xüsusi diqqət yetirəcəyik ki, bu da bizim əsas prioritetimiz olaraq
qalır”, – o deyib.
ATƏT sədri qeyd edib ki, Ermənistan və Azərbaycan arasında
dayanıqlı sülhün əldə edilməsi konstruktiv dialoq və diplomatiyaya
sadiqlik tələb edir, çünki bu, irəliləməyin yeganə dayanıqlı
yoludur.
“ATƏT bu prosesdə mühüm rol oynamağa davam edə bilər. Bizim
unikal təcrübəmiz və ekspert biliklərimiz dinc və dayanıqlı şəkildə
irəliləməyə effektiv şəkildə kömək edə bilər. Biz öz töhfəmizi
verməyə, tərəflərin səylərini tamamlamağa və dəstəkləməyə hazırıq.
Regiondakı fəaliyyətim müddətində vurğulamışam ki, bütün tərəflər
bunu istəyər və razılaşdırarsa, ATƏT ümumi dəyərlərimizə və
öhdəliklərimizə əsaslanaraq, siyasi prosesə köməklik göstərməyə
hazırdır”, – o deyib.
Yan Borq Malta hökumətinin ATƏT-in Cənubi Qafqazda rolunun
artırılması və iştirakının genişləndirilməsi üzərində çalışdığını
qeyd edib.
“Konsensus yanaşması və geniş spektrli konkret layihələri
sayəsində ATƏT insanlar arasında nəzərəçarpan əlaqələrin
möhkəmləndirilməsi üçün mühüm əsas olaraq çıxış edir. ATƏT
mandatının icrasında ona köməklik göstərən bir sıra institut və
strukturlara malikdir”, – o deyib.
Onun sözlərinə görə, ATƏT-in Azərbaycandakı fəaliyyəti
təhlükəsizlik baxımından bağlantı və iqlim dəyişmələri də daxil
olmaqla bir neçə sahəni əhatə edir. Eyni zamanda, Azərbaycanın
COP29-a sədrliyini şərh edən nazir ATƏT-in Bakı ilə təhlükəsizlik
və bağlantının ekoloji aspektləri üzrə əvvəlki və hazırki
qarşılıqlı fəaliyyətinin təşkilatın təhlükəsizliyə hərtərəfli
yanaşmasının bir hissəsi olaraq, ATƏT çərçivəsində iqlim sahəsində
fəaliyyətin vacibliyinin müzakirəsinə imkan yaradacağından əmin
olduğunu bildirib.
“Dayanıqlı əlaqələrin və ticarətin möhkəmləndirilməsi, regional
əməkdaşlığın inkişafı və ekoloji cəhətdən təmiz praktikaların
təşviqinə yönəlmiş təşəbbüslərin uğurlarını inkişaf etdirməyə davam
edəcəyik. Bundan başqa, parlament əməkdaşlığının daha da
möhkəmləndirilməsi üzərində çalışacağıq. Davamlı sülh və
təhlükəsizlik maraqları baxımından bütün istiqamətlərdə üzrə yeni
təşəbbüsləri təşviq etməyə davam edəcəyəm”, – deyə o əlavə
edib.
Yan Borq həmçinin vurğulayıb ki, ATƏT-in güclü tərəflərindən
biri münaqişənin bütün tsikli üzrə, o cümlədən postmünaqişə dövrü
üzrə geniş və özünü təsdiqləmiş alətlər toplusudur.
“Sülh sazişindən irəli gələ biləcək ehtiyacların səmərəli
şəkildə qarşılanması üçün bu alətləri adaptasiya edərək onlardan
istifadə etməyə, eləcə də digər ATƏT regionlarından əldə edilən
təcrübədən çıxarılan dərslərdən istifadə etməyə hazırıq.Azərbaycan
və Ermənistan da daxil olmaqla, ATƏT-ə üzv olan 57 dövlət, o
cümlədən Azərbaycan və Ermənistan tərəfindən siyasi dəstək və
konsensus nə qədər çox olarsa, təcrübəmizi bir o qədər çox səfərbər
edə biləcəyik. Bakı-İrəvan münasibətlərinin normallaşdırılmasında
nəzərəçarpan irəliləyiş təmin edən bütün praqmatik və nəticəyönümlü
yanaşmaları bundan sonra da dəstəkləyəcəyik. Məqsədimiz aydındır:
Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişinin
imzalanmasını təmin etmək, həmçinin azərbaycanlıların və
ermənilərin hadisələrin bu cür inkişafından necə faydalandığını
görmək. Buna yalnız diplomatiya və sülh vasitələri ilə nail olmaq
mümkündür”, – deyə Yan Borq son olaraq bildirib.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























