Advertisement

Azərbaycan bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyir – Rauf Əliyev

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari
ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən
“15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində
iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibə zamanı bir
sıra vacib məqamlara toxunmuşdur.
44 günlük Vətən müharibəsi və antiterror zamanı işğal olunan
ərazilərimiz tamamən işğalçılardan azad edildi və Qarabağ problemi
kökündən həll olundu. Hal-hazırda Azərbaycanı dünyanın ən sabit
ölkələrindən biri hesab etmək olar. Bu göstəricinin nəticəsidir ki,
ölkəmizə davamlı şəkildə xarici dövlət rəhbərlərinin, şirkət
nümayəndələrinin səfərləri olur, müqavilələr imzalanır və gələcəyə
hesablanan böyük layihələrin təməli qoyulur. Azərbaycan eyni
zamanda daha böyük tədbirlərə ev sahibliyi etməyə hazırlaşır və
onlardan biri də yaxın gələcəkdə baş tutması nəzərdə tutulan
COP29-dur. Ölkə başçısı cənab İlham Əliyev müsahibəsi zamanı
qarşıda bizi gözləyən tədbir barədə suallara aydınlıq gətirərək
təminatlı təhlükəsizlik barəsində danışıb və COP29 zamanı ölkəmizdə
bütün tərəflərin özlərini rahat hiss etməkləri üçün yüksək bir
mühit yaradılacağını diqqətə çatdırıb.

Cənab İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək
Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına
verdiyi müsahibə zamanı bildirmişdir ki, “Biz bütün tərəflərin
özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim
Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var.
Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki,
120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz
Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün
konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji
tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik.
Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi
məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə
iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə
gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən
inamsızlığı necə azaltmalıyıq? Çünki siz fərqli ideyaları, fərqli
fikirləri bilirsiniz. Biz məhz buna nail olmağa çalışırıq.
Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik
olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə
etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama
Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir
məsələni də anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik.
Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün
Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri
ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil
edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr,
xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək
üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab
edirəm ki, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın
ayrılmaz hissəsidir”. Qeyd etmək lazımdır ki, hər zaman sülhün və
əminamanlığın tərəfdarı olan Azərbaycan digər dövlətlərlə
müqayisədə balanslı siyasət aparır. Bunun da nəticəsidir ki,
ölkəmizə qarşı məkrli, çirkin addımlar nəticəsiz qalır və
istəklərinə çatmaq istəyənlər heç bir uğura nail ola bilmirlər.
Misal üçün Fransanı və başqa dövlətləri göstərmək olar ki, artıq
onların özləri də Azərbaycanla hesablaşmağın vacibliyini dərk
edirlər. Ermənistan artıq özü də sülh üçün vasitəçisiz hərəkət
etməyin lazım olduğunu qəbul edib və Ermənistan başa düşüb ki,
onların gələcəyi, inkişafı da ölkəmizlə olan münasibətlərindən
asılıdır.

Azərbaycan Qoşulmama Hərəkatında əlaqələndirici rolunu oynamaqda
böyük təcrübəsi var və Azərbaycan Hərəkata dörd il sədrlik edib.
Ölkəmiz 120 üzv ölkə ilə həqiqətən də böyük inkişafa nail oldu. Bu
gün Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir və
üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə
imzalamasını ölkəmizin beynəlxalq müstəvidə növbəti uğuru
adlandırmaq olar. Azərbaycan bu gün külək və günəş enerjisindən
istifadə edən ölkələr siyahısındadır. Eyni zamanda ölkəmiz bərpa
olunan enerji mənbələrinin əsas eksportçularından birinə çevrilmək
iddiasındadır və bunun üçün ölkəmizin yüksək potensialı
mövcuddur.

Milli Məclisin deputatı,
Rauf Əliyev