
Bakı. Trend:
Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik
Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ruslan Nəsibov
etimadnaməsini Efiopiya Prezidenti xanım Sahle-Vork Zevdeyə təqdim
edib.
Trend-in
məlumatına görə, bu barədə səfirlikdən məlumat verilib.
Bildirilib ki, təqdimatdan sonra baş tutan söhbət zamanı
dövlətimizin başçısının səmimi salamları xanım Sahle-Vork Zevdeye
çatdırılıb və Efiopiya Prezidenti də öz səmimi salamlarının
Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.
Söhbət əsnasında iki ölkə arasında ənənəvi dostluq əlaqələrinin
tarixi əhəmiyyəti, hər iki ölkədə müxtəlif etnik qruplara, dinə və
adət-ənənəyə malik xalqların sülh və əmin-amanlıq şəraitində
yaşadığı və bu amilin ölkələrimizi daha da zənginləşdirdiyi,
gücləndirdiyi qeyd olunaraq, ikitərəfli və çoxtərəfli müstəvidə
həyata keçirilən əməkdaşlığın bundan sonra da uğurla davam
etdirilməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, iqtisadi,
siyasi, investisiyaların cəlb edilməsi, humanitar, vətəndaşlara
xidmət və turizm kimi sahələrdə əlaqələrin perspektivləri ətrafında
fikir mübadiləsi aparılıb.
Azərbaycan səfirinə uğurlar arzulayan Efiopiya Prezidenti iki
ölkə arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi
üzrə həyata keçiriləcək fəaliyyətdə köməkliyin göstərilməsinə hazır
olduğunu bildirib.





























