
Bakı. Trend:
Region ölkələri və qonşu dövlətlərlə səmimi dostluq
münasibətlərinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin
müəyyənləşdirdiyi və uğurla həyata keçirdiyi xarici siyasət
kursunun əsas prioritetlərindən biridir. Bu baxımdan qonşu İranla
münasibətlər də Azərbaycan üçün xüsusi önəm kəsb edən
amillərdəndir. Təsadüfi deyil ki, dövlətimizin başçısı may ayının
19-da Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının
istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış
mərasimində iştirak edərkən söylədiyi nitqində bu layihələrin
reallaşdırılmasını İran-Azərbaycan dostluğunun növbəti təzahürü
adlandırmışdır.
Bu sözləri Trend-ə verdiyi açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki,ölkələrimiz və xalqlarımız arasında tarix
boyu mövcud olmuş səmimi dostluq əlaqələri bu gün ən yüksək
səviyyədə olan müasir dövlətlərarası münasibətlərin yaranması üçün
möhkəm zəmin rolunu oynayıb. “Azərbaycan ilə İran arasında olan
sərhəd də məhz dostluq sərhədidir. Cənab Prezident İlham Əliyevin
dediyi kimi, qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma,
dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan
danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni
zamanda, gələcək planlarda da öz əksini tapacaq.”
K.Qafarovun fikrincə, Prezident İlham Əliyevin regional
məsələlərin həllində məhz region ölkələrinin mövqelərinin əsas
götürülməsinin vacibliyi barədə dedikləri Cənubi Qafqazda gedən
prosesləri destruktivləşdirməyə çalışan bəzi dünya güclərinə
açıq-aydın mesaj kimi qiymətləndirilməlidir: “Bu gün həm İranın,
həm də Azərbaycanın istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə
də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirləri
üst-üstə düşür. Cənab Prezident İlham Əliyev bu məqamın,
ümumiyyətlə, İran-Azərbaycan dostluğunun bölgənin sabitliyi üçün,
gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün, önəmli
amil olduğunu vurğulayıb. İran və Azərbaycan üzv olduqları bütün
beynəlxalq təşkilatlarda bir-birilərini dəstəkləyirlər. Qoşulmama
Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də
bir-birinə dəstək verməklə, ölkələrimiz öz niyyətlərini açıq-aşkar
ifadə edirlər. İran və Azərbaycan arasında mövcud əməkdaşlığın ən
mühüm istiqamətlərindən biri kimi nəqliyyat sahəsi xüsusi qeyd
olunmalıdır. Ölkələrimiz çox geniş coğrafiya üçün böyük əhəmiyyət
daşıyan beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə
əlaqədar birgə səylər göstəriblər. Energetika sahəsində çox böyük
planlar mövcuddur. Bütün bu planları həyata keçirmək üçün isə
gələcəkdə də yaşadığımız bölgədə sülh, əmin-amanlıq, sabitlik
olmalıdır. Regional sabitliyin uzun müddətə bərqərar olması üçün
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması vacib
şərtdir. Bu gün Ermənistanla Azərbaycan arasında sərhədlərin
müəyyən edilməsi üzrə gedən proses də bu məqsədə xidmət edir. Öz
növbəsində İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin
edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir. Cənab
Prezident İlham Əliyev birmənalı olaraq bildirdi ki, bölgənin
inkişafı yalnız bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə
təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə
müdaxiləsi isə tamamilə qəbuledilməzdir”.





























