Bakı. Trend:
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti
müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax
rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və
Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılmasının
təmin edilib.
Bu kəndlərin Azərbaycana qaytarılmasının təmin edilməsi
Azərbaycanın növbəti uğuru və sülhün bərqərar olunması
istiqamətində olduqca mühüm addımdır.
Məsələ ilə bağlı deputat Sevinc Hüseynova və
deputat Elşən Musayev Trend-ə açıqlama verib.
S.Hüseynova bildirib ki, bu, Prezident İlham Əliyevin prinsipal
mövqeyinin məntiqi nəticəsidir.
“Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqına
növbəti hədiyyəsidir. Beləliklə 44 günlük müharibə və antiterror
tədbirlərindən sonra Azərbaycan növbəti qələbəyə imza atmış oldu.
Kəndlərin qaytarılmasının təmin edilməsi, eyni zamanda Azərbaycanın
suverenliyinin təmin olunması istiqamətində növbəti mühüm addımdır.
Vacib məqamlardan biri də odur ki, Azərbaycan bu kəndləri bir güllə
atmadan belə geri qaytardı.
Ölkə Prezidenti hələ 2020-ci ildə Vətən müharibəsində əldə
olunan zəfərdən sonra üç rayonun bir güllə atılmadan Azərbaycana
qaytarılmasını təmin etmişdi. Bu, onu göstərir ki, Prezident İlham
Əliyev məsələnin sülh yolu ilə həll edilməsinə üstünlük verir.
2023-cü ilin sentyabr ayında Azərbaycanın Qarabağda suverenliyinin
yekun bərpası, Rusiya sülhməramlı kontingentinin Azərbaycan
ərazilərini tərk etməsi və indi də 4 kəndin qan tökülmədən geri
qaytarılması qeyd edəcəyimiz qələbələr silsiləsindən növbəti
qələbədir. Bu gözəl xəbər Prezidentimizin Azərbaycan xalqına
növbəti hədiyyəsidir”, – deyə deputat bildirib.
Deputat Elşən Musayev isə bildirib ki, Qazax rayonunun 4
kəndinin geri qaytarılması Azərbaycan dövlətinin uğurudur və cənab
Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli və prinsipial
siyasətin nəticəsidir.
“Ali Baş Komandan yanvarın 10-da yerli televiziya kanallarına
müsahibəsində bunları demişdi: “O kəndlər ki, anklav deyil – 4 kənd
– onlar Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır.” Və buyurun!
Cənab Prezident necə demişdisə elə də oldu. Üstəlik, qansız,
qadasız və əməliyyatsız. Bir güllə atılmadan. İtki olmadan. Sadəcə
bir cümlə ilə!
Eyni zamanda qeyd etmək lazımdır ki, həmin kəndlərin
qaytarılması 44 günlük müharibə və antiterror tədbirlərindəki
uğurlarımızın davamıdır”, – deyə deputat əlavə edib.





























