Advertisement

Qazaxın 4 kəndinin qaytarılması ilə Azərbaycan öz suverenliyini daha da möhkəmləndirir – Azər Qarayev

Bakı. Trend:

Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və
Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması Prezident
İlham Əliyevin yürütdüyü sistemli siyasətinin növbəti
qələbəsidir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.

Politoloq bildirib ki, Azərbaycan-Ermənistan sərhədinin
delimitasiyası üzrə komissiyanın 2024-cü il aprelin 19-da əldə
olunmuş razılaşma əsasında həyata keçirilən tədbirlər nəticəsində
12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib.

“Qazax rayonunun 4 kəndinin – Bağanıs Ayrım, Aşağı Əskipara,
Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kvadratkilometr)
Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlərin əraziləri
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən
nəzarətə götürülüb. Qazaxın 4 kəndinin bir güllə atılmadan
qaytarılması ilə Azərbaycan öz suverenliyini daha da
möhkəmləndirir.

Bu razılaşma ümumilikdə Cənubi Qafqazda sülhə və sabitliyə
xidmət edən mühüm addımdır. 1992-ci ildən Ermənistanın işğalına
məruz qalan həmin kəndlər Prezident İlham Əliyevin iradəsi ilə
Azərbaycana qaytarıldı. Azərbaycan Prezidenti hələ bu il yanvarın
10-da yerli televiziyalara müsahibəsində kəndlərimizin Ermənistanın
işğalı altında qalmasının qəbuledilməz olduğunu vurğulamışdı. “O
kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana
qeyd-şərtsiz qaytarılmalıdır”, – deyən dövlətimizin başçısı
məsələnin həlli üçün Komissiyanın qarşısında mühüm vəzifələr
qoymuşdu. Məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu gün
həmin kəndlər Azərbaycana qaytarıldı”

A.Qarayev bildirib ki, rəsmi İrəvanın delimitasiya prosesi üzrə
nümayiş etdirdiyi konstruktivlik heç də Paşinyanın
qanunpərəstliyindən, hümanistliyindən irəli gəlmir. Birinci səbəb
Azərbaycan Ordusunun 44 günlük müharibədə ermənilərə vurduğu zərbə
və əldə etdiyi qələbədir. Digər tərəfdən Azərbaycan öz xarici
siyasətini daim beynəlxalq hüquqa əsaslandırır. İrəvanda da yaxşı
başa düşürlər ki, Azərbaycan öz tələblərində haqlıdır.