
Bakı. Trend:
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri Zati-aliləri cənab
İrakli Kobaxidzeyə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Baş nazir,
Dost Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə
Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı
adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan-Gürcüstan əlaqələri əsrlər boyu mehriban qonşuluq və
qarşılıqlı anlaşma şəraitində yaşamış dost xalqlarımızın sarsılmaz
iradəsindən və məramından qaynaqlanır. Dövlətlərarası
münasibətlərimizin bu gün yeni vüsət alması, qarşılıqlı inam və
dəstəyə əsaslanan tərəfdaşlığımızın müvəffəqiyyətlə inkişaf etməsi
və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.
Strateji əhəmiyyət daşıyan və birgə həyata keçirdiyimiz
nəqliyyat, enerji və digər infrastruktur layihələri xalqlarımızın
mənafelərinə xidmət etməklə yanaşı, daha geniş regionda – Avrasiya
məkanında önəmli amil rolunu oynayır və əvəzolunmaz imkanlar
açır.
Əminəm ki, xalqlarımızın rifahı, bölgəmizin sabitliyi və
təhlükəsizliyi naminə Azərbaycan-Gürcüstan əlaqələrinin bütün
sahələrdə genişləndirilməsi, birgə təşəbbüslərimizin
reallaşdırılması, qarşılıqlı faydalı əməkdaşlığımızın və strateji
tərəfdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə
səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar,
dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq
arzulayıram”.




























